×
A
A
A
Sazlamalar

Milli Məclisin növbədənkənar plenar iclası keçirilib

Bakı, 12 iyun, AZƏRTAC

İyunun 12-də Milli Məclisin növbədənkənar plenar iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, parlamentin sədri Oqtay Əsədov iclası açıq elan edib.
Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.
Oqtay Əsədov gündəliyi təqdim edib.
Əvvəlcə iclasda “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Konstitusiya Qanunu (ikinci səsvermə) müzakirə olunub. Parlamentin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bu barədə məlumat verib. Bildirilib ki, dəyişikliyə görə, bir və ya bir neçə normativ hüquqi aktda dəyişikliklər edildikdə, həmçinin bir və ya bir neçə normativ hüquqi akt ləğv edildikdə həmin dəyişiklikləri və ya ləğvetməni nəzərdə tutan aktın adında dəyişikliklər edilən və ya ləğv edilən normativ hüquqi aktın (aktların) adı (adları) göstərilməlidir.
Sonra “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” qanun layihəsi üçüncü oxunuşda və “Ətraf mühitin mühafizəsi haqqında” Qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsi müzakirə olunub. Parlamentin təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr müavini Kamran Nəbizadə qanun layihələri barədə məlumat verib. Bildirib ki, “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” qanun layihəsi beş fəsil, 17 maddədən ibarətdir. Bu qanun Azərbaycan Respublikası Konstitusiyasının 39-cu maddəsinə və 94-cü maddəsinin birinci hissəsinin 20-ci bəndinə uyğun olaraq, təsərrüfat fəaliyyətinin və başqa fəaliyyət növlərinin, habelə strateji sənədlərin və ərazi planlaşdırılması sənədlərinin reallaşdırılmasının ətraf mühitə və insan sağlamlığına təsirinin qiymətləndirilməsi prosesinin hüquqi, iqtisadi, təşkilati əsaslarını müəyyən edir və bu sahədə yaranan münasibətləri tənzimləyir.
Bundan başqa, “Azərbaycan Respublikası Hökuməti ilə Hindistan Respublikası Hökuməti arasında diplomatik, rəsmi və xidməti pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə, “Dərc olunmuş əsərlərin kor, görmə qüsurlu və ya çap məhsullarını oxumaqla bağlı başqa əlilliyi olan şəxslər üçün əlçatanlığını asanlaşdırmağa dair Mərakeş Müqaviləsi”nə qoşulmaq haqqında” qanun layihələrinə baxılıb.
Deputatlar “Dövlət sirri haqqında” Qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsini nəzərdən keçiriblər. Milli Məclis sədrinin birinci müavini, parlamentin təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov qanun layihəsi barədə məlumat verib. Bildirilib ki, “Dövlət sirri haqqında” Qanunda edilən dəyişikliklər məxfi məlumatların, o cümlədən dövlət sirri təşkil edən məlumatların və onların daşıyıcılarının məxfiləşdirilməsi, məxfiləşdirilmiş məlumatların, o cümlədən dövlət sirri təşkil edən məlumatların məxfiliyinin qorunması, məxfiliyin açılması qaydası və vəzifəli şəxsin və ya vətəndaşın dövlət sirri ilə işləməyə icazə verilməsi üçün müvafiq orqan və ya onun vəzifəli şəxsi tərəfindən təkrar yoxlama aparılması üçün hüquqi əsasların yaradılması məqsədilə təklif edilir. Dəyişikliyə görə, məlumatların məxfiliyinin açılması qaydası maddəsinə əsasən məlumatın məxfilik müddəti onun məxfiləşdirildiyi gündən hesablanır.
İclasda “Sərhəd qoşunları haqqında” və “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” qanunlarda dəyişikliklər edilməsi barədə qanun layihələri də müzakirə olunub. Milli Məclis sədrinin birinci müavini, parlamentin təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov qanun layihələri barədə məlumat verib. Bildirilib ki, “Sərhəd qoşunları haqqında” Qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsində qanunvericilik sistemində mövcud olan uyğunsuzluqların aradan qaldırılması məqsədilə “Sərhəd qoşunları haqqında” və “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” qanunlara dəyişikliklər edilməsi barədə qanun layihələri hazırlanıb. Bu məqsədlə müvafiq layihələrdə Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsini və toxunulmazlığını təmin edən orqanları ümumiləşdirən yeni anlayışdan – “sərhəd mühafizə orqanları” ifadəsindən istifadə edilib.
İclasda, həmçinin “Təhsil haqqında” Qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsi nəzərdən keçirilib. Qanuna təklif olunan dəyişikliklər barədə parlamentin elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli məlumat verib. Dəyişikliyə görə, vətəndaşların və təhsil müəssisəsi təsisçilərinin istəyi nəzərə alınaraq, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə və ya müvafiq icra hakimiyyəti orqanı ilə razılaşmaya uyğun olaraq təhsil müəssisələrində tədris müvafiq dövlət təhsil standartları əsasında digər dillərdə də aparıla bilər. Tədris digər dillərdə aparılan ümumi təhsil müəssisələrində Azərbaycan dili, ədəbiyyatı, tarixi və coğrafiyası tədris olunmalıdır.
Daha sonra iclasda Əmək Məcəlləsində dəyişikliklər edilməsi barədə qanun layihəsi müzakirə olunub. Parlamentin əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli qanun layihəsi barədə məlumat verib.
Həmçinin Vergi Məcəlləsində, “Mülki müdafiə haqqında”, “Siyasi partiyalar haqqında”, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında”, “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında”, “Dövlət rüsumu haqqında”, “İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında”, “Bədən tərbiyəsi və idman haqqında” qanunlarda dəyişikliklər edilməsi barədə qanun layihələrinə baxılıb.
Deputatlar “Azərbaycan Respublikasının Ağsu, Astara, Goranboy, Göygöl, Xaçmaz, Xızı, Qazax, Quba, Qusar, Masallı, Oğuz, Saatlı, Samux, Şəmkir və Yevlax rayonlarının bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi barədə” qanun layihəsini də müzakirə ediblər. Parlamentin regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə layihə barədə məlumat verib.
Sonra “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb. Parlamentin ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı qanun layihəsini şərh edib. Bildirib ki, qanun layihəsi 5 fəsil, 19 maddədən ibarətdir.
İclasda “Məşğulluq haqqında” və “Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatı haqqında” qanun layihələri də ikinci oxunuşda müzakirə olunub.
Deputatlar gündəlikdəki məsələlər barədə fikirlərini səsləndiriblər.
Müzakirə olunan məsələlər səsə qoyularaq qəbul edilib.

Daxili siyasət 2018-06-12 19:06:00