×
A
A
A
Sazlamalar

AŞPA-nın miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin iclası keçirilib

Paris, 5 iyun, AZƏRTAC

Parisdə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin iclası keçirilib. Ölkəmizin təşkilatdakı nümayəndə heyətinin üzvü Milli Məclisin deputatı Sahibə Qafarova iclasda iştirak edib.
AZƏRTAC xəbər verir ki, iclasda Sahibə Qafarovanın "Avropada miqrantların və diaspor təşkilatlarının radikallaşması" adlı hesabatının müzakirəsi keçirilib.
S.Qafarova hesabat layihəsi ilə bağlı çıxış edərək, Avropada miqrantların və diaspor təşkilatlarının radikallaşmasına təsir edən amillər, həmçinin miqrantların radikallaşmasının qarşısının alınması üçün görüləcək tədbirlərlə bağlı təkliflər irəli sürüb və bu sahədə Avropa strategiyası haqqında geniş məlumat verib. Bildirib ki, radikallaşmış insanların əksəriyyətinin dini fanatiklər olduğuna dair ümumi ictimai rəy formalaşıb. Ancaq Avropada aparılan araşdırmaların nəticələri bunun tamamilə əksini göstərib. "Radikallaşmış insanların böyük əksəriyyəti heç vaxt "Qurani-Kərim"i oxumayıb, məscidlərə getməyiblər. Hücumların böyük çoxluğu İŞİD terror təşkilatından ilhamlanan şəxslər tərəfindən idarə olunur və ya həyata keçirilir. İkinci və üçüncü nəsil miqrantların radikallaşmasının əsas səbəblərindən biri şəxsiyyət böhranıdır. Bu gənclər nə qərb dünyəvi həyat tərzinə adaptasiya oluna bilir, nə də valideynlərinin müsəlman şəxsiyyətini qəbul edirlər. Onlar öz dini köklərini yenidən kəşf etməyə çalışarkən təəssüf ki, bəzən ekstremist, radikal ideologiyaların təsiri altına düşürlər”, - deyə S.Qafarova bildirib.
Qeyd edib ki, radikallaşma prosesi çox vaxt internetdə və sosial mediada, həmçinin həbsxanalarda və saxlanma məntəqələrində baş verir. 16-24 yaş qrupunda olan ikinci nəsil miqrantlar radikallaşma meyillərinə daha həssasdırlar. Uğursuz təhsil, cinayət işi və işsizlik radikallaşmaya aparan səbəblərdir. Radikallaşmanın digər potensial səbəbi iqtisadi və sosial qeyri-bərabərlikdir. Bir çox miqrantlar yoxsulluqla üzləşir, sosial təcridə məruz qalır və yaşamlarını təmin etmək üçün qanunsuz qazanc üsulları axtarırlar.
Sahibə Qafarova hesabatda vurğulayıb ki, radikalizmə təsir göstərən digər mühüm səbəb diskriminasiya və ayrı-seçkilik hallarıdır. Miqrantlar təhsildə, sosial həyatda, iş, ev axtararkən bərabərsizliklə, ayrı-seçkiliklə tez-tez qarşılaşırlar.
"Mövcud amillərin təhlili göstərir ki, Avropada miqrantların və diaspor təşkilatlarının radikallaşması əsasən onlara sığınacaq verən ölkələrin apardığı siyasətin uğursuzluğu, habelə miqrantlara qarşı ədalətsizlik və qeyri-bərabər münasibət, həmçinin nifrət və düşmənçiliyi təbliğ edən çağırışlarla daha çox bağlıdır. Buna görə də, belə təhlükəli meylin yayılmasının qarşısını almaq üçün Avropa hökumətləri miqrantlara qarşı öz siyasətlərini yenidən nəzərdən keçirməli və məcburi köçkünlərin cəmiyyətin həyatına cəlb olunmasını və iştirakını təşviq etməlidir. Həmçinin ibtidai və ali təhsildə yanlış fikirləri aradan qaldırmaq və qarşılıqlı anlaşmanı, xoşgörünü təbliğ etmək radikalizmin qarşısının alınmasında mühüm rol oynayar. Radikalizmin qarşısının alınması bütün müəllimlər, pedaqoqlar üçün peşə hazırlığının əsas hissəsi olmalıdır. Onlar mədəni və dini fərqləri anlamaq və qəbul etmək üçün təlim keçməlidirlər", - deyə S.Qafarova diqqətə çatdırıb.
Bildirib ki, belə problemlərin həllinin əsas yollarından biri maarifləndirmədir. Tədrisə demokratiya və insan hüquqlarına dair dərslər əlavə edilməlidir. Onlar məsuliyyətli vətəndaşlar olmağı və ictimai həyatda fəal iştirak etməyi öyrənməlidirlər. Müasir təhsil sistemi hər bir şagirdin baxış və maraqlarını ifadə etməsinə şərait yaratmalıdır. S.Qafarova radikallaşmanın qarşısının alınmasında qadınların rolunu xüsusi vurğulayaraq, onların bu prosesdə fəal iştirakının əhəmiyyətinə toxunub. Bildirib ki, qadınların rolu ailə çevrəsi ilə məhdudlaşmamalıdır. Sahibə Qafarova xatırladıb ki, bu günədək bəzi Avropa ölkələri miqrantların və diaspor üzvlərinin radikallaşmasının qarşısını almaq üçün yerli, regional və milli səviyyədə tədbirlər görüb.
Radikallaşma və ekstremizmin qarşısının alınmasında yerli hakimiyyət orqanlarının və bələdiyyələrin rolu çox vacibdir. Yerli polis və bələdiyyələrə daha çox miqrant mənşəli insan cəlb edilməlidir. Bələdiyyə, polis və vətəndaş cəmiyyəti arasında əməkdaşlıq və koordinasiya işləri çox böyük əhəmiyyət daşıyır.
Qeyd edək ki, Parisə səfəri çərçivəsində S.Qafarova AŞPA-nın bərabərlik və qeyri-diskriminasiya komitəsinin iclasında da iştirak edəcək.

 

Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris

Xarici siyasət 2018-06-05 09:19:00