×
A
A
A
Sazlamalar

Erlan Abdıldayev: Qırğızıstan ilə Azərbaycan arasında əlaqələr uğurla inkişaf edir

Bişkek, 30 may, АZƏRTAC

Qırğızıstan ilə Azərbaycan arasında əlaqələr uğurla inkişaf edir. Qırğızıstan hər zaman beynəlxalq aləmdə Azərbaycanın mövqeyini, ərazi bütövlüyünü dəstəkləyib və bundan sonra da dəstəkləyəcək.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Qırğızıstanın xarici işlər naziri Erlan Abdıldayev Azərbaycanın səfiri Hidayət Orucovla görüşündə söyləyib.
Görüşdə nazir Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə təbriklərini çatdırıb.
Səfir H.Orucov Azərbaycanla Qırğızıstan arasında əlaqələrin hazırkı səviyyəsindən danışıb, uğurlu əməkdaşlığın bundan sonra da davam edəcəyinə əmin olduğunu bildirib. İki ölkə arasında müxtəlif səviyyələrdə təmasların genişləndirilməsi və siyasi dialoqun davamlı şəkildə aparılması məqsədilə yüksəksəviyyəli səfərlərin əhəmiyyəti vurğulanıb.
Səfir ölkələrimiz arasında əməkdaşlığın uğurla inkişaf etdiyini, buna baxmayaraq, müxtəlif sahələrdə, xüsusilə iqtisadiyyat sahəsində əməkdaşlığın daha da inkişafı üçün istifadə edilməyən böyük potensialın olduğunu vurğulayıb.
Tərəflər Azərbaycan ilə Qırğızıstan arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində görüləcək işlərdən danışıblar.
Səfir qeyd edib ki, qardaş ölkələrimiz arasında münasibətlərin inkişafı dövlətlərimizin başçılarının maraq dairəsindədir.

Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek

Xarici siyasət 2018-05-30 14:00:00