×
A
A
A
Sazlamalar

Mərkəzi Nəbatat Bağının kolleksiyasında qızılgülün 575 növ və sortu toplanıb

Bakı, 19 may, Xatirə Cəfərova, AZƏRTAC

Qızılgüllər - fasiləsiz çiçəkləməsi, rəng çeşidlərinin və çalarlarının rəngarəngliyi, gülünün bənzərsiz ətri və s. xüsusiyyətləri ilə digər dekorativ bitkilərdən fərqlənir, yaşıllaşdırmada, landşaft memarlığı sahəsində, həmçinin bəzək bağçılığında geniş istifadə olunur. Bu baxımdan son illərdə Abşeronda qızılgül çeşidlərinə olan tələbat daha çox artmaqdadır. Belə ki, Abşeronda, həmçinin Azərbaycanın digər bölgələrində bir sıra istirahət zonalarının olması, tikilən yaşayış, istirahət, idman və sənaye obyektlərinin ərazisində parkların, xiyabanların salınmasının davam edəcəyi baxımdan dekorativ bitkilərə, o cümlədən qızılgüllərə tələbatın artacağı qaçılmazdır. Lakin ölkədə hələ də qızılgül çatışmazlığı hiss olunur. Əvvəllər olduğu kimi son illərdə xarici ölkələrdən respublikaya yüz minlərlə bəzək bitkiləri, o cümlədən qızılgül çeşidləri gətirilir. Onların əksəriyyəti Abşeronun torpaq-iqlim şəraitinə uyğunlaşa bilmədiyindən quruyur və ya xəstəliklərə yoluxaraq dekorativliyini itirir.
Bunu AZƏRTAC-a Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Nəbatat Bağının çiçəkçilik laboratoriyasının müdiri, biologiya üzrə fəlsəfə doktoru Asəf İsgəndərov bildirib.
A.İsgəndərov deyib: “Qızılgüllərin öyrənilməsi sahəsində çoxillik təcrübə və müşahidələrimiz göstərir ki, xarici ölkələrin kultivarları ilk növbədə yerli şəraitə iqlimləşdirilməlidir. Bu mərhələni keçdikdən sonra bitkilər yeni şəraitə daha asan adaptasiya olunurlar. Abşeron üçün bu daha çox xarakterikdir. Bütün bunları nəzərə alaraq Abşeronda, Mərkəzi Nəbatat Bağında keçən əsrin 70-ci illərindən etibarən qızılgüllərin müxtəlif bağ qruplarında təmsil olunan növ və sortlarının kolleksiyasının toplanılıb elmi əsaslarla öyrənilməsi, introduksiyası və seleksiyası həyata keçirilir. Hazırda Mərkəzi Nəbatat Bağının kolleksiyasında qızılgülün 575 növ və sortu toplanıb. Hər il kolleksiyaya yeni sortlar əlavə olunur. Bu qızılgül sortları ABŞ, Almaniya, Böyük Britaniya, Fransa, Hollandiya, Rusiya və s. ölkələrin kultivarları olmaqla müxtəlif illərdə tərəfimizdən introduksiya olunub”.

Elm və təhsil 2018-05-19 19:07:00