×
A
A
A
Sazlamalar

“Keşikçidağ” Dövlət Tarix Mədəniyyət Qoruğunda Beynəlxalq Muzeylər Günü qeyd olunub

Ağstafa, 19 may, Famil Quliyev, AZƏRTAC

1977-ci ildə Beynəlxalq Muzeylər Şurasının təşəbbüsü ilə təsis olunan Beynəlxalq Muzeylər Günü hər il mayın 18-də dünyanın 150-dən cox ölkəsində qeyd olunur.
Bu bayram bir qayda olaraq xalqlar arasında mədəni mübadilə və əməkdaşlığın inkişafına kömək şüarı ilə keçirilir. Beynəlxalq Muzeylər Gününün əsas məqsədi muzeylərin cəmiyyətin həyatında nə qədər mühüm rol oynadığını göstərməkdir. Hər il müxtəlif devizlərlə keçirilən bu bayram muzey əməkdaşlarını birləşdirir, ictimaiyyətin diqqətini muzeylərə cəlb edir.
Tarixi, maddi və mənəvi abidələrlə zəngin olan ölkəmizdə də hər il Beynəlxalq Muzeylər Günü qeyd edilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ağstafa rayonunda da Beynəlxalq Muzeylər Günü qeyd olunub.
“Keşikçidağ” Dövlət Tarix Mədəniyyət Qoruğunun əməkdaşları qoruq ərazisində yerləşən abidələrimizin qorunması, öyrənilməsi və tanıdılması məqsədilə 18 May - Beynəlxalq Muzeylər Günü münasibətilə Ağstafa rayonunun düşmənlə təmas xəttində yerləşən Köhnəqışlaq kənd tam orta məktəbində şagirdlərlə görüşüblər.
Tədbirdə qeyd olunub ki, qoruğun əməkdaşlarının “Əsrlərin yadigarı” adlı tanıtım layihəsi ilk olaraq Prezident İlham Əliyevin Sərəncamı ilə əsaslı olaraq yenidən qurulmuş 3 saylı orta məktəbdən başlanıb. Layihə artıq rayonun 30-dan çox şəhər və kənd orta məktəblərində təşkil edilib.
Qoruq əməkdaşları Beynəlxalq Muzeylər Günü haqqında məktəblilərə ətraflı məlumat verib, muzeylərin keçmişimizi və bu günümüzü gələcəyə çatdıran ən yaxşı bələdçi olduğunu vurğulayıblar. Məktəbdə qurulmuş pavilyonda qoruq ərazisində aparılan arxeoloji qazıntılar zamanı tapılmış maddi mədəniyyət nümunələri sərgilənib, pavilyon qoruğun şəkilləri əks olunmuş köynəklər, papaqlar, suvenirlər, qala və məbədin əl ilə daşdan yonulmuş maketləri, qədimiliyi özündə əks etdirən xalçalar, milli ornamentlər, rəsm əsərləri ilə bəzədilib. Monitor vasitəsilə qoruq ərazisində aparılmış arxeoloji qazıntılar, ekskursiya, tədbirlər və qoruğun abidələrindən ibarət slayd şou yayımlanıb. Tədbirdə qoruq haqqında çəkilmiş sənədli film - “Qədim Yurdun Daş Kitabəsi” adlı filmin diski və digər hədiyyələr şagirdlərə təqdim edilib.

Regionlar 2018-05-19 05:39:00