×
A
A
A
Sazlamalar

Gəncənin Hacıkənd qəsəbəsində təmir olunmuş tarixi binada kitabxana fəaliyyət göstərəcək

Gəncə, 18 may, Rauf Hacıyev, AZƏRTAC

Gəncənin Hacıkənd qəsəbəsində yerləşən şəhər Mərkəzi Kitabxana Sisteminin 17 saylı filialı yeni binaya köçürülüb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, kitabxana bundan sonra qəsəbədə mövcud olan yerli əhəmiyyətli tarixi abidə hesab edilən Rus Pravoslav kilsəsində fəaliyyət göstərəcək.
Hacıkənd qəsəbəsində XIX əsrə aid yerli əhəmiyyətli 4 tarixi abidə var. Bunlar Qubernator evi, Qubernator dəftərxanası, Forer qardaşlarının evi və Rus Pravoslav kilsəsidir. İstifadəsiz qalan bu binalarda təmir işləri aparılır. Rus Pravoslav kilsəsinin bərpası isə artıq yekunlaşıb. 1893-cü ildə inşa edilmiş və vaxtilə yay aylarında bura istirahətə gələn rus məmurlarına xidmət etmiş kilsə binası bundan sonra kitabxana kimi fəaliyyət göstərəcək.
Gəncə şəhər Mərkəzi Kitabxana Sisteminin direktoru Elmira Əliyeva bildirib ki, 1956-cı ildən fəaliyyət göstərən 17 saylı filialın 14 min 368 kitab fondu var. Oxucular burada Azərbaycan dilində olan nəşrlərlə yanaşı, xarici yazarların əsərlərini də tapa bilərlər.
Açılış mərasimində iştirak edən şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev qeyd edib ki, Hacıkənd qəsəbəsində aparılan abadlıq-quruculuq işləri davam etdiriləcək. Burada olan Qubernator dəftərxanası, Qubernator və Forer qardaşlarının evlərinin də təmiri yaxın vaxtlarda yekunlaşacaq. Ərazidə “Nizami Gəncəvinin sələfləri və xələfləri” parkı salınıb, inşa olunan otel kompleksində son tamamlama işləri gedir.
Hacıkənd qəsəbəsi sakinlərinin müraciətlərini dinləyən Elmar Vəliyev bildirib ki, otelin istifadəyə verilməsi qəsəbənin turizm imkanlarını artırmaqla yanaşı, yeni iş yerlərinin açılmasına da xidmət edəcək.
Həmçinin sakinlər bir sıra təkliflərlə çıxış ediblər. Müraciətlər əsasında Gəncə-Hacıkənd marşrut xəttinin açılması, qəsəbədə olan tibb məntəqəsinin təmiri, ərazidə yeni ATM-lərin quraşdırılması istiqamətində lazımi qurum və təşkilatlara müvafiq göstərişlər verilib.

Regionlar 2018-05-18 19:04:00