×
A
A
A
Sazlamalar

“Heydər Əliyev və müasir Azərbaycan” mövzusunda respublika tələbə-şagird elmi konfransı keçirilib

Bakı, 18 may, AZƏRTAC

Mayın 18-də Azərbaycan Dillər Universitetinin (ADU) Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilmiş “Heydər Əliyev və müasir Azərbaycan” mövzusunda respublika tələbə-şagird elmi konfransı keçirilib. Konfransda Bakıdan və bölgələrdən məktəb şagirdləri öz direktorları, müəllimləri ilə birlikdə, eləcə də bir çox universitetlərinin nümayəndələri iştirak ediblər.
ADU-dan AZƏRTAC-a bildirilib ki, konfrans iştirakçıları ulu öndər Heydər Əliyevin universitetin foyesindəki büstü önünə çiçəklər düzüb, xatirəsini ehtiramla yad ediblər.
Konfransın açılış mərasimində Azərbaycan Respublikasının dövlət himni və “Gaudeamus” tələbə himni səsləndirilib.
Tədbirdə çıxış edən ADU-nun rektoru, konfransın təşkilat komitəsinin sədri, akademik Kamal Abdulla universitet tələbələri və orta məktəb şagirdlərinin birlikdə keçirdiyi bu konfransın son dərəcə böyük rəmzi mənası olduğunu bildirib: “Konfransın elmi və ictimai əhəmiyyəti ondan ibarətdir ki, bir şagirdi universitetimizin bir müəllimi hazırlayır. Həmin şagird universitet həyatına daxil olur. Burada özünə yeni dostlar tapır. Məqsəd bundan ibarətdir ki, universitetimizin tələbələri bizim qonaqlarımıza həyan olsunlar, onlarla birlikdə bizim universitet barədə təsəvvür yaratsınlar. Nəhayət, üçüncü məqsəd bundan ibarətdir ki, ölkəmizin müxtəlif rayonlarında yerləşən qaçqın və məcburi köçkün məktəblərində pedaqoji təcrübədə olan tələbələrimizin bir qismi bu gün həmin məktəblərdən gələn şagirdlərlə görüşmək imkanı əldə edirlər. Bu da son dərəcə tərbiyəvi bir məqamdır”.
Konfransın siyasi əhəmiyyətə malik olduğunu bildirən K.Abdulla ümummilli lider Heydər Əliyevin ölkəmizdə müharibənin dayandırılması üçün əlindən gələni etdiyini və çox şeyə nail olduğunu vurğulayıb. Prezident İlham Əliyevin bu gün Dağlıq Qarabağ probleminin həlli üçün böyük fədakarlıqla çalışdığını söyləyən rektor bu məsələnin sülh yolu ilə həll olunacağına inamını ifadə edib.
Prezident İlham Əliyevin bütün dünyaya multikulturalizm ideologiyasının Azərbaycan modelinin uğurlu və effektiv şəkildə işlədiyini nümayiş etdirdiyini, bu ideologiyanın təntənəsini yaşatdığını vurğulayan rektor ADU-nun da dünyanın müxtəlif dilləri və mədəniyyətlərini öyrədən ocaq kimi bu siyasi istiqamətin bir nöqtəsində yer tapdığını deyib: “ADU dünyanın müxtəlif universitetlərində, elmi məkanlarında Azərbaycan həqiqətlərini multikulturalizm, tolerantlıq ideyaları, müxtəlif ideoloji amillər vasitəsilə dünya ictimaiyyətinə çatdırır. İnanıram ki, bugünkü konfransımızın da ümumi ruhu, ahəngi Ulu Öndərin və Prezidentimizin bu istiqamətdəki fəaliyyətini dərindən öyrənmək və gələcəkdə bu fəaliyyətin müxtəlif istiqamətlərini dünya universitetlərində, Azərbaycanın bölgələrində yaymaqdan ibarət olacaq”.
K.Abdulla konfransın keçirilməsində əməyi olan hər kəsə təşəkkürünü bildirib: “Bir şagirdin həyatına bir universitet professoru daxil olur, onun elmi yaradıcılığını gələcəkdə də işıqlandırmağa cəhd göstərir. İnanıram ki, bu istiqamətlər həmin şagirdlərin gələcək elmi həyatına da işıq salacaq”.
Bölmə iclaslarında Azərbaycan dili, müasir Azərbaycan, tariximiz, mədəniyyətimiz ilə bağlı çox maraqlı məruzələrin olduğunu deyən rektor bu konfransın tərəfləri daha yeni layihələrə həvəsləndirəcəyinə ümid etdiyini vurğulayıb: “ADU ilə məktəblər arasında əlaqələrin yalnız pedaqoji təcrübə müddətində deyil, müxtəlif istiqamətlər üzrə də davam edəcəyinə ümid edirəm. Universitetimizin qapıları həmişə sizin üzünüzə açıq olacaq. Hamınızı bağrıma basıram, konfransın işinə uğurlar arzulayıram. Ümid edirəm ki, bu şagirdlərin hamısı gələcəkdə bizim universitetin layiqli tələbələri olacaq”.
N.Aslanov adına Cocuq Mərcanlı kənd tam orta məktəbinin direktoru Zamin Həziyev təşkilatçılara və könüllülərə təşəkkürünü bildirib.1993-cü ilin oktyabr ayında 12 yaşı olarkən ermənilərin torpaqlarımıza soxulması ilə əlaqədar Cəbrayıl rayonunu tərk edən və o ağır günləri xatırladan Z.Həziyev deyib: “Şükürlər olsun ki, 24 il sonra 37 yaşımda öz torpağımıza qayıtdım. Bu gün Cocuq Mərcanlı çox gözəl günlərini yaşayır. Xarabalığa çevrilmiş kəndin yerində göz oxşayan məktəb binası, yaşayış evləri tikildi, şərait quruldu. 1993-cü ildə yaşanan ağır vəziyyətdə Ümummilli Lider bir neçə il hakimiyyətə tez gəlmiş olsaydı, torpaqlarımız işğal olunmazdı. 1994-cü ilin uğurlu Horadiz əməliyyatında Füzuli rayonunun 22 yaşayış məntəqəsi və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi işğaldan azad edildi. Lakin bir neçə ay erməni əsarətində qalan kənd viranə günə qalmışdı. Yaşayış orada mümkün deyildi, ermənilər yaxınlıqdakı yüksəkliklərin hamısına nəzarət edirdilər. Üstündən illər keçsə də, biz ordumuzun həmişə qələbəni əldə edəcəyi günü gözləyirdik, bu arzu ilə yaşayırdıq. 2016-cı ilin Aprel döyüşlərində biz çoxlu şəhidlər verdik. Lələtəpə yüksəkliyində gedən döyüşlər nəticəsində çoxlu şəhidlər verdik. Lakin ordumuz öz sözünü dedi”. Konfransın işinə uğurlar arzulayan Z.Həziyev bildirib: “Ümummilli lider Heydər Əliyev haqqında nə qədər danışsaq, yenə də azdır. Yaxşı ki, həyatımızda Ümummilli Lider kimi şəxs olub”.
Konfransda Kəlbəcər rayonu 1 saylı orta məktəbinin direktoru Fərqanə Əhmədova ADU-nun gələcəyin səriştəli müəllimlərinin formalaşmasında uğurlarının danılmaz olduğunu söyləyib: “Bu ali məktəbin tələbələrinin pedaqoji təcrübələrinin məcburi köçkün məktəblərində təşkil olunması məni Kəlbəcər rayonu 1 nömrəli tam orta məktəbin direktoru kimi sevindirir və biz müəllimlərdə tədris zamanı yaradıcı yanaşmağımızda ruh yüksəkliyi yaradır. Mən istərdim ki, ADU-nun məzunları müəllimlərin işə qəbul qaydalarına uyğun olaraq məcburi köçkün məktəblərində çalışsınlar”.
ADU-nun tələbəsi, xəlifə rektor Nicat Aşurov, Nəsimi rayonu 164 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi Lalə Ələsgərli bu kimi yerli və beynəlxalq konfransların dünya və respublika səviyyəsində Ulu Öndərin ideyalarının öyrənilməsində xüsusi rol oynadığını söyləyiblər. Onlar ümummilli lider Heydər Əliyevin Azərbaycanın inkişafı üçün gördüyü işlərdən söz açıblar.
Təhsil fakültəsinin dekanı, professor Fikrət Cahangirov konfransın bir neçə aspektə görə əhəmiyyətini qeyd edib.
Nərimanov rayonu 36 saylı tam orta məktəbin direktoru Emilya Səfərəliyeva isə deyib ki, gənc nəsil üçün ən böyük dəyər dahi şəxsiyyət Heydər Əliyevin əsasını qoyduğu irsin öyrədilməsidir.
Tələbə Elmi Cəmiyyətinin sədri Lamiyə Muğalova ADU-nun tarixində ilk dəfə tələbə-şagird elmi konfransının keçirildiyini söyləyib. O, konfransın “Heydər Əliyev və azərbaycançılıq məfkurəsi”, “Müasir Azərbaycan beynəlxalq münasibətlər sistemində”, “Azərbaycan tarixi və mədəniyyəti”, “Dil və ədəbiyyat”, “Pedaqogika və psixologiya”, “Multikulturalizm və tolerantlıq ideologiyası” mövzularında bölmə iclasları ilə davam edəcəyini diqqətə çatdırıb.
Konfrans mayın 19-da başa çatacaq.

Elm və təhsil 2018-05-18 18:57:00