×
A
A
A
Sazlamalar

31 mart - tarixi yaddaşımızdan silinməyən soyqırımı

Bakı, 31 mart, AZƏRTAC
Nizami Rayon İcra Hakimiyyətində 31 mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar “Tarixi yaddaşımızdan silinməyən soyqırımı” mövzusunda anım tədbiri keçirilib.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, anım mərasimində soyqırımı qurbanlarının və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, 31 mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı videoçarx nümayiş etdirilib.
Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov 1918-ci il martın sonlarından başlayaraq Azərbaycanda ermənilər tərəfindən dəhşətli soyqırımı aktının həyata keçirildiyini, ölkənin müxtəlif bölgələrində törədilən qətliamlar nəticəsində on minlərlə azərbaycanlının vəhşicəsinə qətlə yetirildiyini qeyd edib. O, erməni-bolşevik silahlı dəstələrinin 100 il əvvəl azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə faktların ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə Azərbaycan Prezidenti İlham Əliyevin “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncam imzaladığını və bu Sərəncama müvafiq olaraq tədbirlərin keçirildiyini diqqətə çatdırıb.
“Tarixi yaddaşımızdan silinməyən soyqırımı” mövzusunda məruzə ilə çıxış edən Milli Məclisin deputatı Fəzail İbrahimli 100 il bundan əvvəl – 1918-ci ilin mart-aprel aylarında Azərbaycan xalqının başına gətirilmiş ən dəhşətli faciələrdən birinin də Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlar olduğunu söyləyib. O bildirib ki, 1918-ci ilin martında milli mənsubiyyətinə görə minlərlə azərbaycanlı qətlə yetirilib, evlər yandırılıb, milli memarlıq abidələri, məktəblər, xəstəxanalar, məscidlər dağıdılıb. Millət vəkili azərbaycanlıların soyqırımının Bakıda, Şamaxıda, Qubada, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və digər yerlərdə xüsusi qəddarlıqla həyata keçirildiyini, bu ərazilərdə dinc əhalinin kütləvi şəkildə məhv edildiyini söyləyib.
1918-ci il 31 mart soyqırımının ermənilərin xalqımıza qarşı həyata keçirdiyi ən böyükmiqyaslı terror aktlarından biri kimi tarixə yazıldığını söyləyən Milli Məclisin deputatları Sədaqət Vəliyeva və Rasim Musabəyov ümummilli lider Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 26 mart 1998-ci il tarixli Fərmanı ilə xalqımıza qarşı törədilmiş ağır cinayətlərə hüquqi-siyasi qiymət verildiyini, bu gün erməni təcavüzünün nəticələrinin aradan qaldırılması, respublikamızın ərazi bütövlüyünün və suverenliyinin təmin olunması, aparıcı dünya dövlətləri və nüfuzlu beynəlxalq dairələr tərəfindən ölkəmizin ədalətli mövqeyinin etiraf olunması və müdafiəsi istiqamətində ardıcıl və məqsədyönlü işlər görüldüyünü vurğulayıblar. Natiqlər Azərbaycan xalqına qarşı törədilmiş soyqırımı haqqında həqiqətlərin real faktlar əsasında dünya ictimaiyyətinə çatdırılaraq saxta erməni təbliğatı nəticəsində formalaşmış yalan təsəvvürlərin dəyişdirilməsinin hər bir Azərbaycan vətəndaşının borcu olduğunu bildiriblər.

31 mart 2018-03-31 15:50:00