×
A
A
A
Sazlamalar

Tarixi yaddaş: XX əsrdə bəşər tarixinin qanlı və acınacaqlı səhifələrdən biri - 31 mart soyqırımı

Bakı, 31 mart, AZƏRTAC
XX əsrdə azğın erməni-daşnak-bolşevik silahlı qüvvələri və onların havadarları tərəfindən azərbaycanlıların kütləvi qırğınlara və repressiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi, didərgin salınması bəşər tarixinə qanlı və acınacaqlı səhifələrdən biri kimi yazılıb. Bu soyqırımı ən faciəli hadisələrdən biri kimi xalqımızın tarixi yaddaşına həkk olunub. Prezident İlham Əliyevin 2018-ci il yanvarın 18-də imzaladığı “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncamda qeyd edilir ki, Azərbaycan xalqının başına gətirilən ən dəhşətli faciələrdən biri də 100 il bundan əvvəl - 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlardır. Həmin günlərdə Bakı şəhərində, habelə Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda on minlərlə dinc sakin məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilib, yaşayış məntəqələri dağıdılıb, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilib. Sonrakı dövrlərdə daha da azğınlaşan erməni millətçiləri qeyri-insani əməllərini davam etdirib, Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər bölgələrdə kütləvi qətllər, talanlar və etnik təmizləmələr həyata keçiriblər. Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti ermənilərin törətdikləri ağır cinayətlərin araşdırılması üçün Fövqəladə İstintaq Komissiyası yaradıb, komissiyanın üzə çıxardığı həqiqətlərin xalqın yaddaşında hifz edilməsi və dünya ictimaiyyətinə çatdırılması üçün bir sıra tədbirlər görüb. Lakin Xalq Cümhuriyyətinin süqutundan sonra bu proses dayandırılıb, baş verənlərin sona qədər təhqiq edilməsinin və ona müvafiq siyasi-hüquqi qiymət verilməsinin qarşısı alınıb. Yalnız 80 il sonra - 1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanda həmin dəhşətli hadisələrə adekvat siyasi qiymət verilib və 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edilib.
Ötən 20 il ərzində aparılmış araşdırmalar sayəsində çoxlu sayda yeni faktlar və sənədlər toplanıb, Quba şəhərində kütləvi məzarlıq aşkarlanıb. Üzə çıxmış tarixi faktlar 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının qat-qat çox olduğunu sübut edir.
AZƏRTAC bu barədə Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin sənədlərin nəşri və istifadəsi şöbəsinin baş məsləhətçisi Rafiq Səfərovun arxiv sənəd və materialları, eləcə də digər tarixi mənbələrə əsaslanaraq qələmə aldığı qeydlərini təqdim edir.
1917-ci ilin noyabrında Bakıda hakimiyyəti ələ keçirmiş və tərkibi əsasən ermənilərdən ibarət olan “Bakı Komunası” adı altında yaradılmış birinci “bolşevik” hökuməti tərəfindən “əksinqilabçı ünsürlərlə mübarizə” şüarı altında ölkəmizin müxtəlif bölgələrinə erməni-daşnak silahlı cəza dəstələri göndərilib. S.Şaumyan və G.Karqanovun rəhbərliyi altında Azərbaycanın müxtəlif bölgələrinə göndərilmiş həmin silahlı dəstələr 1918-ci il martın 30-da və 31-də, aprelin 1-də Bakıda, 1918-ci ilin mart-may aylarında Bakı quberniyasının Şamaxı, Göyçay, Ərəş və Quba qəzalarının kəndlərində, habelə Azərbaycanın digər bölgələrində azərbaycanlılara qarşı insanlığa sığmayan kütləvi qanlı qırğınlar törədib, minlərlə günahsız, dinc əhalini qətlə yetirib. Həmin qırğınlar T.Əmiryan, H.Amazasp, C.Lalayev və digər cinayətkar erməni-daşnak “hərbçi”lərinin başçılığı altında həyata keçirilib. Bakıda hakimiyyəti ələ keçirmiş S.Şaumyanın başçılıq etdiyi erməni-daşnak-bolşevik qüvvələri Azərbaycanın dinc əhalisinə qarşı misli görünməmiş soyqırımı həyata keçirərək yalnız Bakıda böyük maddi ziyanlarla yanaşı, 11 min nəfərdən artıq insanı qətlə yetirib. Quba qəzasında S.Şaumyanın xüsusi səlahiyyətlər verdiyi H.Amazaspın başçılığı altında 122 müsəlman kəndi dağıdılıb, Azərbaycanın minlərlə dinc əhalisi məhv edilib. Tarixi sənədlər təsdiqləyir ki, azərbaycanlıların soyqırımı Bakı və Gəncə quberniyalarında, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Zəngilanda və Azərbaycanın digər bölgələrində xüsusi qəddarlıqla həyata keçirilib. Şamaxı şəhəri və Şamaxı qəzasının azərbaycanlılar yaşayan 86 kəndi Bakı Sovetinin bolşevik-erməni-daşnak silahlı dəstələri tərəfindən dağıdılıb. Şamaxı qəzasının təkcə 53 kəndində ermənilər tərəfindən 8027 nəfər azərbaycanlı qətlə yetirilib ki, onlardan da 4190-ı kişi, 2560-ı qadın və 1277-si uşaq idi. Şamaxıda yerli əhaliyə dəyən maddi ziyan o dövrün qiymətləri ilə bir milyard rubldan çox olub. Şəhərdə 13 məscid, o cümlədən böyük tarixi abidə olan “Cümə məscidi” yandırılıb.
Şərqdə ilk demokratik dövlət quruluşu yaratmış Azərbaycan Xalq Cümhuriyyəti (AXC) tərəfindən 1918-ci ilin mart hadisələrinin araşdırılmasına xüsusi diqqət yetirilib. AXC hökuməti ermənilərin Zaqafqaziyada dinc müsəlman əhaliyə qarşı törətdikləri zorakılığın təhqiqi üçün 1918-ci il iyulun 15-də Fövqəladə Təhqiqat Komissiyasının yaradılması haqqında qərar qəbul edib. Fövqəladə İstintaq Komissiyası Zaqafqaziyada müsəlmanlara qarşı millətçi erməni-daşnak qüvvələri tərəfindən törədilmiş zorakılıqların, o cümlədən Bakı qırğınının demək olar ki, tam sənəd bazasını yaradıb. Cümhuriyyət dövründə iki dəfə - 1919 və 1920-ci illərdə mart ayının 31-i ümummilli matəm günü kimi qeyd edilib.
Ulu öndər Heydər Əliyevin 1998-ci il fevralın 26-da imzaladığı Fərmanda qeyd edilir: “Əslində bu, azərbaycanlılara qarşı yürüdülən soyqırımı və bir əsrdən artıq davam edən torpaqlarımızın işğalı proseslərinə tarixdə ilk dəfə siyasi qiymət vermək cəhdi idi. Lakin Azərbaycan Xalq Cümhuriyyətinin süqutu bu işin başa çatmasına imkan vermədi...Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi Azərbaycan Respublikası bu gün onun axıra qədər həyata keçirə bilmədiyi qərarların məntiqi davamı olaraq soyqırımı hadisələrinə siyasi qiymət vermək borcunu tarixin hökmü kimi qəbul edir”.
Bakı Sovetinin mandatı altında erməni-daşnak silahlı cəza dəstələrinin törətdiyi, insanlığa sığmayan qanlı cinayətlərə beynəlxalq aləmdə lazımi hüquqi qiymət verilmədi. Cəzasız qalmış cinayətkar qüvvələr XX əsrin sonlarında xalqımıza qarşı yenə də terror və soyqırımı törətdilər. Cinayətkar erməni quldur qüvvələri və onların havadarları bu dəfə xüsusilə Xocalıda misli görünməmiş dəhşətli qırğınlar törətdilər. 1992-ci il fevralın 25-dən 26-a keçən gecə erməni quldur qüvvələri keçmiş Sovet Ordusunun 366-cı alayının birbaşa köməyi ilə Xocalı şəhərinin dinc əhalisınə vəhşicəsinə divan tutdular.
Azərbaycan Respublikası 1991-ci ildə yenidən müstəqillik qazandıqdan sonra xalqımızdan uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş tarixi həqiqətlər, təhrif edilmiş hadisələr açılmağa və öyrənilməyə başlanıb. Azərbaycan xalqına qarşı dəfələrlə törədilmiş və uzun illərdən bəri öz siyasi-hüquqi qiymətini almamış soyqırımı da tarixin açılmamış səhifələrindəndir. Separatist erməni-daşnak millətçiləri və onların havadarlarının vəhşiliklərini əks etdirən tarixi sənədlər məlum səbəblər ucbatından uzun müddət “əksinqilabi burjua-mülkədar” damğası altında gizli saxlanılıb, mahiyyətcə millətimizə qarşı törədilmiş soyqırımı olan mart qırğını Azərbaycanda vətəndaş müharibəsi kimi qələmə verilib. Tarixi sənədlər təsdiqləyir ki, həmin qırğınlar Azərbaycanda sovet hakimiyyətinin qurulması adı altında tərkibi əsasən ermənilərdən ibarət olan “erməni-daşnak-bolşevik” silahlı dəstələri tərəfindən xalqımıza qarşı törədilmiş ən ağır cinayətlərdən biri olub. Bolşevik cildinə girmiş millətçi erməni-daşnak qüvvələrinin azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımı siyasətini əks etdirən sənədlərin elmi surətdə araşdırılması istiqamətində artıq hazırkı dövrdə respublikamızın bir sıra tarixçi alimləri tərəfindən bəzi mühüm işlər görülüb, bir neçə elmi iş yazılıb, kitablar dərc edilib. Son iki yüz ilə yaxın müddətdə erməni millətçiləri və onların havadarları tərəfindən xalqımıza qarşı həyata keçirilmiş soyqırımı və təcavüz siyasəti Milli Arxiv İdarəsinin rəisi, tarix elmləri doktoru, tanınmış tədqiqatçı alim Ataxan Paşayev tərəfindən arxiv sənəd və materialları əsasında ətraflı tədqiq olunub, dövri mətbuatda və elmi-publisistik jurnallarda çoxlu sayda məqalələr dərc edilib, radio və televiziya verilişləri vasitəsilə ermənilərin xalqımıza qarşı həyata keçirdikləri soyqırımı və deportasiyalarla bağlı sənədlər haqqında məlumatlar geniş ictimaiyyətə çatdırılıb. “Azərbaycan sənədlərində erməni məsələsi (1918-1920)” adlı 712 səhifəlik sənədlər toplusu A.Paşayev tərəfindən yazılmış geniş müqəddimə ilə Türkiyədə böyük tirajla çap olunub. Son iki yüz ilə yaxın bir müddətdə erməni millətçilərinin xalqımıza qarşı yürütdükləri təcavüz və soyqırımı siyasətinin mahiyyətinin təkcə ölkəmizdə deyil, həmçinin ölkəmizdən kənarda öyrənilməsi, eləcə də dünya ictimaiyyətinə çatdırılması sahəsində arxiv sənəd və materialları əsasında hazırlanmış sənəd topluları böyük əhəmiyyət daşıyır. Ölkəmizin digər tədqiqatçı alimi, tarix elmləri doktoru, professor, AMEA –nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi Solmaz Rüstəmova-Tohidinin azğın erməni-daşnak millətçi qüvvələri və onların havadarları tərəfindən həm Bakı, həm də Qubada törətdikləri qırğınlar haqqında hazırladığı mükəmməl akademik toplu da işıq üzü görüb. Azərbaycan Respublikasının dövlət arxivlərində saxlanılan arxiv sənəd və materialları və digər tarixi mənbələr təsdiqləyir ki, XIX əsrin sonlarından bu günədək olan tarixi müddətin bir sıra mərhələlərində Azərbaycan xalqı ən ağır qırğınlara, işgəncələrə, soyqırımına məruz qalıb. Xalqımıza qarşı erməni-daşnak qüvvələri və onların havadarları tərəfindən törədilmiş qırğınlar, soyqırımı siyasəti tarixin ayrı-ayrı dövrlərində - 1905-1907, 1918-1920, 1948-1953 və 1988-ci ildən bu günədək olan müddətlərdə təkrarən həyata keçirilib. Rusiya imperiyasının şovinist qüvvələrinin himayədarlığı altında erməni-daşnak millətçi qüvvələrinin xalqımıza qarşı törətdikləri dəhşətli qırğınların və soyqırımının kökündə erməni-daşnak millətçi qüvvələrinin Azərbaycana qarşı əsassız olaraq irəli sürdükləri torpaq iddiası durub. Tarix göstərir ki, erməni-daşnak millətçi qüvvələri torpaq iddiasından əl çəkmək istəmir və bu iddianı vaxtaşırı irəli sürür, milli qırğınlar, qanlı faciələr törədirlər. Məqsəd Azərbaycanı zəiflədərək parçalamaq və onun tarixi əraziləri hesabına öz ərazilərini genişləndirərək ikinci erməni dövlətini yaratmaqdır.
Tarixi mənbələr təsdiqləyir ki, XIX əsrin 90-cı illərindən etibarən siyasi məqsədlərlə erməni məsələsinin Cənubi Qafqaza köçürülməsi və onun ardınca ”Daşnaksütyun” partiyasının gələcəkdə yaratmaq istədiyi Ermənistan muxtariyyəti üçün ərazilərin əldə edilməsi üçün öz məqsədli proqramları ilə bu yerlərə soxulması bütün Zaqafqaziyanın həyatına milli düşmənçilik və ədavət toxumlarını səpdi. Daşnakların bu yerlərdə göründükləri ilk vaxtlardan etibarən terror aktları törədilməyə başlandı. Çar Rusiyasının XIX əsr və XX əsrin əvvəllərində həyata keçirdiyi köçürülmə siyasəti nəticəsində ermənilər Cənubi Qafqazda, o cümlədən Azərbaycanın ərazilərində yerləşdirildikdən sonra özlərinin əsl simalarını göstərməyə başladılar. Tarixi sənəd və mənbələr təsdiqləyir ki, ermənilərin köçürülərək yerləşdirildiyi ərazilərdən biri olan Qarabağ Azərbaycan xalqının əzəli və əbədi torpağıdır, onun tarixi beşiyidir. Rusiya İmperiyası ilə İran arasında bağlanmış Gülüstan (12 oktyabr 1813-ci il) və Türkmənçay (10 fevral 1828-ci il) müqavilələri kimi tarixi sənədlər, habelə xanlığın Rusiyanın hakimiyyəti altına keçməsi haqqında 1805-ci il mayın 14-də Qarabağ xanı İbrahim xanla Rusiya imperiyası qoşunlarının generalı Pavel Sisianovun imzaladıqları Kürəkçay traktatı əyani təsdiqləyir ki, imperiya sırf Azərbaycan torpaqlarını işğal edib və həmin tarixi sənədlərin heç birində erməni malikanələri və onların Rusiya təbəəliyinə keçməsi haqqında heç işarə belə olmayıb. 1805-ci ilin mayında bağlanmış Kürəkçay müqaviləsi əsasında Qarabağ xanlığı Rusiya imperiyasının tərkibinə daxil edildikdən sonra imperiya tərəfindən erməni ailələri geosiyasi məqsədlərlə mərhələ-mərhələ İran və Türkiyədən köçürülərək Qarabağda, Yelizavetpol (Gəncə) və İrəvan quberniyaları ərazilərində yerləşdirilib və bununla da süni surətdə yaradılmış “problem”in əsası qoyulub. Nə qədər ki çar hakimiyyəti tərəfindən ermənilər geosiyasi məqsədlərlə İran və Türkiyədən kütləvi köçürülərək Qarabağda yerləşdirilməmişdilər, Azərbaycanın bu tarixi ərazisində milli zəmində hər hansı bir “problem” və ya münaqışə yaşanmamışdır. Bu yerlərə ermənilərin, ilk növbədə, geosiyasi məqsədlərlə yerləşdirildiyi bir sıra tarixi mənbələrdə də əksini tapıb. Məsələn, Qafqazdakı rus qoşunlarının komandanı 1805-ci il 22 may tarixli 19 nömrəli raportunda qeyd edirdi ki, coğrafi mövqeyinə görə Qarabağ nəinki Azərbaycanın, hətta İranın da darvazası sayılır və ona görə də bu əyalətin öz əlimizdə saxlanmasına və möhkəmləndirilməsinə xüsusi diqqət yetirilməlidir. 1805-ci il mayın 14-də imzalanmış Kürəkçay müqaviləsi bu vəzifənin yerinə yetirilməsinə əlverişli şərait yaratmış oldu və həmin dövrdən etibarən Rusiya imperiyası tərəfindən ələ keçirilmiş Azərbaycan torpaqlarına ermənilərin kütləvi köçürülməsinə başlandı. XIX əsrin əvvəllərindən başlanan köçürülmə prosesləri bir sıra tarixi mənbələrdə, o cümlədən S.Qlinka, N.Şavrov, A.Qriboyedov, V.Veliçko, S.Zelinski və başqalarının əsərlərində və digər tarixi mənbələrdə əksini tapıb. Çar Rusiyasının müvafiq dövlət qurumları tərəfindən ermənilər Azərbaycanın Qarabağına və digər bölgələrinə köçürülərkən Azərbaycan xalqını bu proseslərin uzunmüddətli olmayacağına inandırmağa çalışmışdılar. Köçürülmə planının hazırlanmasında və həyata keçirilməsində xüsusi rolu olmuş A.Qriboyedov yazırdı: ”Müsəlmanları düşdükləri indiki sıxıntılarla barışdırmaqdan ötrü biz kifayət qədər düşünürdük ki, vəziyyəti onlara necə təlqin edək ki, müsəlmanları (azərbaycanlıları) üzləşdikləri bu sıxıntıların uzunmüddətli olmayacağına və ermənilərin həmin torpaqları həmişəlik zəbt etmək istəməyəcəklərinə inandıra bilək. “Xalqımıza verilən vədlərin onların həqiqi niyyətlərindən uzaq olduğunu tarix bir daha sübut etdi. Əslində köçürülmə prosesləri qısamüddətli olmadı, əksinə, uzun müddət davam etdirilərək, demək olar ki, dayanıqlı xarakter aldı. İran və Türkiyədən köçürülən ermənilərin Azərbaycanda yerləşdirilməsi siyasəti hətta Azərbaycan sovetləşdirildikdən sonra da davam etdirildi. Arxiv sənəd və materialları, digər tarixi mənbələr təsdiqləyir ki, kənardan gətirilən ermənilərin Azərbaycan torpaqlarında yerləşdirilməsi prosesi hətta azərbaycanlıların əzəli türk torpaqlarında yaradılıb və sonralar Ermənistan adlandırılan ərazilərdən qovulduqları vaxtlarda da davam etdirilib. Bu proseslər Azərbaycan Respublikasının Dövlət Arxivində mühafizə edilən bir sıra fondlarda, o cümlədən 675 nömrəli “Şamxor Qəza İcraiyyə Komitəsinin daxili idarəetmə idarəsi” fondunda saxlanılan 1920-1926-cı illər üzrə arxiv sənədlərində də əksini tapıb. Məsələn, həmin fonda aşkar edilmiş Şamxor (Şəmkir) Qəza İcraiyyə Komitəsi tərəfindən Şamxor qəzasına köçürülmüş ermənilərə 1921-ci ildə verilmiş vəsiqənin mətnini rus dilindən dilimizə tərcümə etmədən olduğu kimi qeyd edirəm: “Dano sie tov. Abqar Osipovu so semeystvom v tom, çto oni deystvitelno bejentsı Turetskoy poddanıye urojentsı qor. Vana i vremenno projivayut v qor. Annenfeld (Şamkir), a potomu uyezdispalkom prosit doljnostnıx lits okazıvat im kak bejentsam vsyakoye sodeystviye”. Bu sənəddə açıq-aşkar qeyd edilir ki, “Bu, Abqar Osipov və onun ailəsinə ona görə verilir ki, onlar həqiqətən qaçqındırlar, Türkiyə vətəndaşıdırlar, Van əhlidirlər, müvəqqəti olaraq Annenfeld ( Şəmkir) şəhərində yaşayırlar, ona görə də qəza icraiyyə komitəsi vəzifəli şəxslərdən xahiş edir ki, qaçqın olan həmin şəxslərə hər cür yardım göstərsinlər.” Şamxor Qəza İcraiyyə Komitəsinin 1924-cü il 9 aprel tarixli digər məlumatında qeyd edilir: “Qəza İcraiyyə Komitəsinin daxili idarəetmə şöbəsi bildirir ki, Şamxor qəzasının Dağlıq zolağında aprelin 6-da güclü qar yağmış, gecə buz bağlamış, Ermənistanla sərhədin Gədəbəy məntəqəsində Yeni Bəyazidə gedən yolda 15 nəfər qaçqın həlak olmuşdur. Həlak olanlar müsəlmanlardır.”
Arxiv sənədlərindəki məlumatlara əsasən Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin (AzMİK) 23 noyabr 1922-ci il tarıxli iclasında qaçqınlar barədə məsələyə baxılaraq qaçqınların sayı haqqında məlumatların AzMİK-ə təqdim edilməsi qəza icraiyyə komitələrinə tapşırılmışdı. Himayəetmə və sosial təminat üzrə Xalq Komissarlığının Şamxor (Şəmkir) qəzası üzrə müvəkkilinin qaçqınlar haqqında 1923-cü ildə AzMİK-ə təqdim etdiyi məlumatdan:

Kəndlərin  adları

Evlərin sayı

Adamların  sayı

Milliyyəti

Çardağlı

54

193

erməni

 

Barım

-

39

erməni

 

Georgiyevski

-

116

erməni

Badakənd

-

50

erməni

Himayəetmə və sosial təminat üzrə Xalq Komissarlığının Şamxor qəzası üzrə müvəkkilinin aclıq çəkən qaçqınlar haqqında məlumatından:

Kəndlərin  adı

Qaçqınların  sayı

Acından  ölənlər

Milli mənsubiyyəti

Geniş kənd

200

-

Türklər(azərbaycanlılar)

Cirdahan

25

-

Türklər

Kövlər

200

10

Türklər

Aşağı Ayıblı

250

1

Türklər

Vüqarlı

150

2

Türklər

Şamxor Qəza İcraiyyə Komitəsinin AzMİK-ə təqdim etdiyi məlumatlara əsaslanaraq qeyd edək ki, həmin dövrdə Azərbaycana həm başqa ölkələrdən qaçqın düşmüş ermənilər, həm də əzəli türk torpaqlarında yaradılmış Ermənistandan, öz dədə-baba yurdlarından zor gücü ilə qovularaq qaçqın düşmüş Azərbaycan türkləri qəbul edilərək məskunlaşdırılırdı. Lakin cədvəllərdən göründüyü kimi, Azərbaycanda yerləşdirilmiş erməni qaçqınlar arasında acından ölüm hadisəsi qeydə alınmadığı halda, Azərbaycanda yerləşdirilmiş Azərbaycan türkləri arasında 13 nəfərin acından öldüyü qeyd olunmuşdu. Həmin məlumatlar bir daha təsdiqləyir ki, Azərbaycanda ermənilərə qarşı ayrı-seçkilik edilməmiş, onlara yaşayış üçün azərbaycanlıların özlərindən də yaxşı şərait yaradılmış və qayğı göstərilmişdi. Azərbaycanın tarixi torpaqlarına köçürülərək yerlərini möhkəmləndirmiş və sonralar Azərbaycan türklərinin torpaqlarında yaradılmış “Ermənistan” adlı respublikanın ərazisini Azərbaycan dövlətinin əraziləri hesabına genişləndirməyə can atan “mədəni” və “dinc” ermənilər artıq neçə onilliklərdir ki, Dağlıq Qarabağı Ermənistana birləşdirməkdən ötrü ən iyrənc üsullara əl atırlar.
Təcavüzkar erməni-daşnak millətçiləri cəfəng xülyalarını həyata keçirmək məqsədilə bir vaxtlar onlara çörək və sığınacaq vermiş Dağlıq Qarabağın azərbaycanlı kəndlərinin dinc əhalisinə qarşı iblisanə qəddarlıqla qırğınlar törədirlər. 1919-cu ildə Gəncə qubernatoru İbrahim ağa Vəkilovun Azərbaycan Xalq Cümhuriyyətinin xarici işlər nazirinə göndərdiyi məruzəsində erməni millətçilərinin qəddarlığı ilə bağlı qeyd edilirdi:”...bütün Avropaya öz mədəniliyi barədə car çəkən, bununla yanaşı, müdafiəsiz dinc əhaliyə qarşı vəhşiliklərin bütün üsullarını tətbiq edən belə bir millətin XX əsrdə mövcud olmasına inanmaq istəmirsən. Onların vəhşiliklərinin həddi-hüdudu yoxdur, onların qarşısında orta əsrlərin zülmətli faciələri solğun görünür... “
XX əsrdən başlayaraq erməni daşnakları Azərbaycana qarşı əsassız ərazi iddiaları irəli sürürlər. Hazırkı dövrdə təcavüzkar erməni millətçiləri və onların havadarlarının “xalqların öz müqəddəratını təyin etmək” şüarı altında Azərbaycan Respublikasının ərazisini parçalamaq cəhdləri daşnaklar tərəfindən yürüdülən və perspektivi olmayan köhnə, iyrənc siyasətin davamıdır. Ermənistanın hakim qüvvələri Azərbaycana qarşı irəli sürdükləri ərazi iddialarının əsassız olduğunu və onun iflasa uğradığını görən kimi dünya ictimaiyyətinin fikrini azdırmaq məqsədilə elan edirlər ki, artıq onların Azərbaycana qarşı ərazi iddiaları yoxdur. Dağlıq Qarabağı müstəqil dövlət kimi qələmə verməyə, xalqımızın qədim yurdlarından biri olan Qarabağı Azərbaycan ilə qarşı-qarşıya qoymağa çalışırlar ki, bu da erməni millətçilərinin növbəti cəfəngiyatıdır. Çünki Qarabağ Azərbaycan xalqının tarixi beşiyidir, əzəli və əbədi torpağıdır. Ermənilər hələ yüz il bundan əvvəl - 1918-1920-ci illərdə Qarabağı Azərbaycanla qarşı-qarşıya qoymaq cəhdləri ediblər və əlbəttə ki, heç bir müvəffəqiyyətə nail ola bilməyiblər. “Azərbaycan” qəzeti 1918-ci il 21(8) oktyabr tarixli 14-cü nömrəsində yazırdı:”...ermənilər müsəlmanları qışda Qarabağ respublikasını tanımağa məcbur etmək istədilər. Ermənilər qurultay çağırdılar... həmin qurultayda ermənilərin əsl siyası siması üzə çıxdı. Qurultayın çağırılmasına qədər olan müddətdə ermənilər təntənə ilə elan etdikləri sosializm, qardaşlıq, ədalət kimi şüarları unutdular. Səhnədə yalnız daşnakların dar millətçiliyi qaldı. Sırf daşnaklardan ibarət hökumət yaradıldı və onlar yalnız Andranik və Şahnazarovun gəlişini gözləyirdilər ki, müsəlmanlara güc tətbiq etməklə onları özlərinə tabe etsinlər.” Lakin Azərbaycan hökuməti erməni millətçilərinin bu niyyətlərini alt-üst etdi. 1919-cu ilin yayında Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qəti mövqeyi və məqsədyönlü siyasəti nəticəsində respublikanın Qarabağda suveren hüquqları bərpa edildi. Parisdə olan Azərbaycan nümayəndələrinə göndərilən məlumatda qeyd edilirdi: “Qarabağ adlandırılan məsələ qəti şəkildə həll edildi...7-ci erməni qurultayında Qarabağ ermənilərinin nümayəndələri Azərbaycan hökumətinin hakimiyyətini tanımaq haqqında general-qubernator Xosrov bəy Sultanovla sazış bağladılar.”
Tarix onun ibrət dərslərindən düzgün nəticə çıxarmayanları heç vaxt bağışlamayıb. Azərbaycana qarşı işğalçılıq müharibəsi aparan, dərin sosial-iqtisadi və mənəvi böhran yaşayan Ermənistan Azərbaycan Respublikasına qarşı yürütdüyü işğalçı siyasətindən əl çəkməlidir. Gec də olsa, separatçı erməni-daşnak qüvvələri Qarabağda törətdikləri özbaşınalıqlara son qoymalı və birdəfəlik dərk etməlidirlər ki, əzəli və əbədi türk torpağı olan Dağlıq Qarabağda ikinci erməni dövlətinin yaradılmasına Azərbaycan xalqı heç vaxt imkan verməyəcək.
Mütərəqqi dünya ictimaiyyəti dirçəlməkdə olan və Qarabağda, xüsusilə də Xocalıda nümayiş etdirilmiş erməni faşizminin inkişafına yol verməməli, dirçəlməkdə olan erməni faşizminin qarşısı tərəqqipərvər bəşəriyyətin birgə səyi ilə alınmalıdır. Azərbaycan Respublikasının müvafiq dövlət və qeyri-dövlət qurumları, o cümlədən qeyri-hökumət təşkilatları Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı həqiqətlərin geniş yayılması, yalançı erməni təbliğatının ifşa edilməsi üzrə fəaliyyətlərini daha da gücləndirməlidirlər. Birləşmiş Millətlər Təşkilatı Xocalı soyqırımını tanımalı və qanlı təcavüz aktına hüquqi qiymət verməlidir. Vaxt gələcək, separatçı erməni-daşnak qüvvələri Azərbaycan xalqına qarşı törətdikləri terror və soyqırımına görə mütləq beynəlxalq məhkəmə qarşısında cavab verəcək və layiq olduqları cəzalarını alacaqlar. Həmin günün çox da uzaqda olmadığına inanırıq.

Fotolar Azərbaycan Respublikasının Dövlət Kino-Foto Sənədləri Arxivindəndir

31 mart 2018-03-31 13:42:00