×
A
A
A
Sazlamalar

Tariximizin qanlı səhifəsi - 31 mart soyqırımı

Bakı, 30 mart, AZƏRTAC
Ermənilər XIX əsrin əvvəllərindən tarixi torpaqlarımızda azərbaycanlılara qarşı kütləvi soyqırımları törədərək on minlərlə günahsız insanı qətlə yetiriblər.
AZƏRTAC xəbər verir ki, bu fikir Azərbaycan Hərb Tarixi Muzeyində (AHTM) “Tariximizin faciəli səhifəsi - 31 mart” mövzusunda keçirilən tədbirdə səsləndirilib.
Əvvəlcə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad olunub.
Azərbaycan Hərb Tarixi Muzeyinin rəisi, ehtiyatda olan polkovnik Əzizağa Qənizadə erməni millətçilərinin və onların havadarlarının son iki əsrdə azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirdikləri soyqırımlardan danışıb. Bildirib ki, son iki əsrdə ermənilər Qafqazda məskunlaşdırıldıqdan sonra hər cür hiylə və vasitəyə əl ataraq azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti həyata keçirib, soyqırımları törədiblər. Ermənilərin 1918-ci ilin mart-aprel aylarında Bakı, Şamaxı, Quba, Göyçay, Naxçıvan, İrəvan və digər bölgələrdə törətdikləri qırğınlar nəticəsində on minlərlə insan qətlə yetirilib. Bəşər tarixinin ən qanlı və faciəli səhifələrindən olan 1918-ci il 31 mart qətliamı nəticəsində Azərbaycanda on minlərlə soydaşımız, o cümlədən Bakıda və ətraf kəndlərdə 30 minə yaxın azərbaycanlı erməni daşnak birlikləri tərəfindən qəddarlıqla qətlə yetirilib, məscidlər, məktəb binaları yandırılıb.
Digər çıxışlarda da Ermənistanın tarix boyu azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımı siyasətinin dəhşətli nəticələrindən bəhs olunub. Bildirilib ki, erməni millətçiləri azərbaycanlılara qarşı soyqırımı siyasətini müxtəlif dövrlərdə fərqli formalarda həyata keçiriblər.
Mərasimdə ulu öndər Heydər Əliyevin 1998-ci il 26 mart tarixli Fərmanı ilə hər il martın 31-nin Azərbaycanlıların Soyqırımı Günü elan edilməsinin əhəmiyyəti xüsusi vurğulanıb. Çıxışlarda ermənilər tərəfindən xalqımıza qarşı törədilmiş soyqırımlarının dünya ictimaiyyətinin diqqətinə çatdırılması istiqamətində Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətin nəticələrindən danışılıb.
Sonunda 31 mart soyqırımına dair sənədli film nümayiş etdirilib.

31 mart 2018-03-30 20:51:00