×
A
A
A
Sazlamalar

Mart soyqırımının 100 illiyi haqqında Sərəncam tarixi faktların saxtalaşdırılmasının qarşısının alınmasında mühüm hadisədir

Bakı, 30 mart, AZƏRTAC
1918-ci ilin mart-aprel aylarında xalqımıza qarşı erməni qatı millətçi qüvvələrinin törətdikləri kütləvi qətl və qarətlər haqqında həqiqətləri dünya birliyinə bəyan etməliyik. Ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərman erməni vəhşiliklərinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində çox böyük addım olub. Bu Fərmanın verilməsindən ötən iyirmi il ərzində soyqırımına həsr olunan çoxlu konfranslar keçirilib, müxtəlif dillərdə tədqiqat əsərləri nəşr olunub, xarici ölkələrdə silsilə tədbirlər təşkil edilib. Prezident İlham Əliyevin “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” 2018-ci il 18 yanvar tarixli Sərəncamı bu sahədə səyləri daha da artırmağa yönəlib. Bu mühüm sənəd böyük ictimai-siyasi və elmi-praktik əhəmiyyətə malikdir. Bu Sərəncam Birinci Dünya müharibəsinin son mərhələsində erməni silahlı birliklərinin yerli müsəlman-türk xalqlarına qarşı qətl və qarətlərinin real mənzərəsini dünya ictimaiyyətinə çatdırmağa, eləcə də erməni yalanlarının, tarixi faktları saxtalaşdırmalarının qarşısının alınmasına yönəlmiş çox önəmli hadisədir.
Bunu AZƏRTAC-a açıqlamasında Azərbaycan Universitetinin ictimai elmlər kafedrasının müəllimi, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) A.Bakıxanov adına Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Rəna Əsədova söyləyib.
R.Əsədova bildirib ki, 1917-ci il Fevral inqilabı nəticəsində Rusiyada mütləqiyyət quruluşunun devrilməsi və demokratik dəyişikliklərin baş verməsi Azərbaycanda və bütövlükdə Qafqazda müsəlman-türk əhalinin bütün təbəqələri tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılandı. Lakin yeni yaradılan hakimiyyət orqanlarının zəifliyi erməni silahlı biləşmələrinin fəallaşmasına və müsəlman əhaliyə qarşı qətl və qarətlərin miqyasının artmasına səbəb oldu. Erməni xadimləri də öz mənfur planlarını həyata keçirmək üçün qəsdən müsəlmanların xristian əsgər ailələrinə zərər yetirmələri haqqında şayiələr yayır, Qafqaz cəbhəsindən qayıdan rus hərbçilərini öz tərəflərinə çəkməyə çalışırdılar. Xüsusən Bakıda mövqeyini möhkəmləndirməyə çalışan Bakı Sovetinin bolşevik-daşnak rəhbərliyi yerli azərbaycanlı əhalini kütləvi məhv etmək üçün müxtəlif planlar cızırdı.
1918-ci ilin yanvarında Cənubi Qafqaz Komissarlığının qərarı ilə Şamxor (indiki Şəmkir) dəmir yolu stansiyasında rus hərbçilərinin tərksilah edilməsi və bu zaman qərara tabe olmayan bir neçə əsgərin həlak olması faktından Bakı Sovetinin rəhbəri S.Şaumyan və onun komandası dərhal istifadə etməyə cəhd edib. Bu hadisəni “cəbhədən qayıdan zavallı xristian hərbçilərin vəhşi müsəlmanlar tərəfindən qətlə yetirilməsi” kimi qələmə verib, Bakıda toplaşmış rus-erməni əsgəri qüvvələrini müsəlman əhaliyə qarşı qaldırmağa cəhd göstərib. Lakin azərbaycanlı ictimai-siyasi xadimlər, ziyalılar müsəlman əhalini təhrikedici addımlardan çəkindirmək üçün səy göstərib, rus hərbçiləri arasında “Şamxor hadisəsi” haqqında izahat işləri aparmaqla kütləvi qırğınların qarşısını ala biliblər. Milli qırğına başlamaq üçün növbəti bəhanə 1918-ci il martın 24-də “Evelina” gəmisindəki azərbaycanlı hərbçilərin tərksilah edilməsinə Bakının müsəlman əhalisinin etiraz etməsi olub. Bakı Soveti rəhbərliyi bu hadisədən yararlanaraq martın 30-da müsəlman əhalini məhv etmək üçün İnqilabi Müdafiə Komitəsi yaradıb, “Daşnaksütyun” partiyası və Erməni Milli Şurasının nəzarətində olan silahlı dəstələrdən yardım alıb. Azərbaycanlı ictimai xadimlərin Bakı Soveti rəhbərliyi ilə danışıqlar aparmaqla problemi dinc yolla nizama salmaq səyləri daşnak dəstəsinin həmin gün dinc müsəlmanlara atəş açması ilə yarımçıq qalıb. Həmçinin erməni təbliğatı İçərişəhərdə azərbaycanlıların rus ailələrini qırması haqqında yalan xəbərlər yayıb. Buna inanan rus matrosları hərbi gəmilərdən müsəlman məhəllələrini top atəşinə tutublar. Yalnız azərbaycanlı ictimai xadimlər həyatlarını təhlükəyə ataraq bu erməni təxribatı haqqında məlumatı hərbi gəmilərə çatdırdıqdan sonra atəşi kəsiblər.
Paytaxtda müsəlman əhalini kütləvi məhv edən erməni-rus hərbi birliklərinin daha sonra Bakı qəzası kəndlərinə basqınlarının qarşısı Bakı Sovetində təmsil olunan azərbaycanlı xadimlərin səyi ilə alınıb. Bakı kəndlərinin, formal da olsa, Sovet hakimiyyətini qəbul etməsinə nail olan müsəlman bolşeviklər Bakı Xalq Komissarları Sovetinin bu kəndlərə hərbi qüvvə göndərməsinə bəhanə verməyiblər.
Gəncə quberniyasında, xüsusən Gəncə şəhərində nüfuzlu şəxslər, ictimai-siyasi xadimlər həm erməni xadimlərin təxribatçı fəaliyyətinin qarşısını almaq, həm də dinc azərbaycanlı əhalini erməni-rus hərbçilərinin zorakılıqlarından qorumaq üçün fəal iş aparıblar. 1917-ci ilin martında Gəncənin ziyalıları və digər nüfuzlu şəxsləri tərəfindən Türk Ədəmi Mərkəziyyət Federalistlər Partiyasının yaradılması bu istiqamətdə önəmli addım olub. Bu partiya leqal fəaliyyətə başlayan Müsavat partiyası ilə birlikdə azərbaycanlı əhalinin hüquqlarının qorunması, xalq hərəkatının doğru məcraya yönəldilməsi istiqamətində çox böyük rol oynayıb. Uzun müddət gizli fəaliyyət göstərmiş Difai partiyası üzvləri yenidən dinc müsəlman əhalinin həyatının və əmlakının qorunmasına başlayıblar. Müsəlman Şurası üzvləri də silahlı dəstələr yaradılması və silah tədarükü sahəsində fəaliyyətlərini genişləndiriblər. Bu təşkilatların qətiyyətli fəaliyyəti 1917-ci ilin sonu–1918-ci ilin ilk aylarında Gəncə şəhərində və ətrafındakı yaşayış məntəqələrində azərbaycanlı əhalinin erməni silahlı dəstələrinin basqınlarından qorunmasına imkan verib.
R.Əsədova bildirib ki, yüz il əvvəl xalqımızın üzləşdiyi fəlakətlərin miqyasının daha böyük olmamasına görə o dövrdə misilsiz fədakarlıqlar göstərmiş soydaşlarımızı bu gün də minnətdarlıqla yad edirik. Unutmamalıyıq ki, yeni soyqırımı dəhşətlərinin yaşanmaması üçün müstəqil dövlətçiliyimizin möhkəmlənməsinə, respublikamızın bütün sahələrdə inkişafına nail olmalıyıq.

31 mart 2018-03-30 19:59:00