×
A
A
A
Sazlamalar

31 mart soyqırımı qurbanlarının xatirəsi Gürcüstanda yad olunub

Tbilisi, 30 mart, AZƏRTAC

Martın 30-da Azərbaycanın Gürcüstandakı səfirliyində 31 mart - Azərbaycanlıların Soyqırımı Gününü 100-cü ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları səfirlikdə ermənilərin azərbaycanlılara qarşı tarixən törətdikləri soyqırımı həqiqətlərini əks etdirən fotolar və kitablardan ibarət sərgiyə baxıblar.
Sonra səfirliyin akt zalında davam edən tədbirdə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub, 31 mart soyqırımından bəhs edən sənədli film nümayiş etdirilib.
Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov çıxış edərək 31 mart soyqırımının tarixi barədə məlumat verib. O bildirib ki, mart hadisələrindən yalnız 80 il sonra - 1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanda həmin dəhşətli hadisələrə siyasi qiymət verilib və 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilib. 1998-ci ildən etibarən 31 mart Azərbaycanda dövlət səviyyəsində Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edilir.
Diplomat diqqətə çatdırıb ki, ermənilərin xalqımıza qarşı tarixboyu soyqırımı həyata keçirdiyi, bu prosesi məqsədyönlü və ultramillətçi ideoloji əsaslarla gerçəkləşdirdiyi sübuta yetirilib. Ermənilər uydurma “böyük Ermənistan” xülyalarını həyata keçirmək üçün tarixi şəraitdən və himayədarlarının dəstəyindən istifadə edərək, regionu azərbaycanlılardan və qeyri-millətlərdən təmizləmək, yalnız ermənilərin yaşadığı monoetnik bir dövlət yaratmaq istəyiblər. Azərbaycanın tarixi torpaqlarında – Dağlıq Qarabağda və ətraf rayonlarda törədilmiş soyqırımı cinayətləri, işğal bu prosesin davamıdır. Görünən odur ki, zaman keçsə də erməni siyasətinin, terrorunun və vəhşiliklərinin mahiyyəti dəyişməyib. Xocalıda amansızlıqla törədilmiş dəhşətli soyqırımı deyilənlərin sübutudur.
Sonra çıxış edən Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqan soyqırımı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasının vacibliyini qeyd edib. Bildirib ki, 1918-ci il qətliamlarını törədənlər indi həmin hadisələri unutdurmağa çalışırdılar. O zaman media olmadığından buna nail olunurdu. İndi bizim birliyimiz onların bu niyyətlərini alt-üst edib. Bu gün bizim əsas vəzifəmiz qətliam qurbanlarının xatirəsini yad etməklə yanaşı, bu cür faciələrin bir daha təkrarlanmasına yol verməməkdir. Diplomat deyib: “Türkiyə və Azərbaycan təhdidlərin haradan gələ biləcəyini çox yaxşı bilir. Biz böyük millətik. İki güclü dövlətimiz var. Gürcüstan kimi çox yaxşı qonşumuz var. Hər üç xalq gələcəkdə ortaq təhdidləri birgə aradan qaldırmalıdır”.
Gürcüstan parlamentinin deputatı Mahir Dərziyev deyib ki, Azərbaycan həqiqətlərinin Gürcüstan ictimaiyyətinə çatdırılması istiqamətində səylər daha da artırılmalıdır.
Sonra Suxumi universitetinin professoru Quram Marxuliya və başqaları çıxış edərək 31 mart soyqırımı barədə ətraflı məlumat verib, ermənilərin zaman-zaman Cənubi Qafqazdakı pozuculuq fəaliyyəti barədə həqiqətləri, tarixi faktları diqqətə çatdırıblar.
Tədbirdə SOCAR-ın Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov və şirkətin nümayəndələri, azərbaycanlı və gürcü ziyalılar, tarixçilər, ekspertlər və digər şəxslər iştirak ediblər.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

31 mart 2018-03-30 16:55:00