×
A
A
A
Sazlamalar

Erməni məsələsi: xəyanəti, deportasiyanı, soyqırımını və işğalı pərdələyən yalan

Gəncə, 30 mart, Rauf Hacıyev, AZƏRTAC

Gəncə Dövlət Universitetində 31 Mart – Azərbaycanlıların soyqırımının 100 illiyinə həsr edilmiş “Erməni məsələsi: xəyanəti, deportasiyanı, soyqırımını və işğalı pərdələyən yalan” mövzusunda elmi konfrans keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Vətənin müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, elmi konfransda çıxış edən universitetin rektoru, professor Yusif Yusibov ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımının “böyük Ermənistan” xülyası ilə yaşayan daşnakların dövlət siyasəti olduğunu bir sıra tarixi faktlarla əsaslandırıb.
Bildirilib ki, XIX əsrin əvvəllərindən başlayaraq məqsədli şəkildə Cənubi Qafqaza köçürülən ermənilər havadarlarının köməyi ilə Azərbaycan türklərinin yaşadıqları minlərlə məntəqəni viran edib, bir milyondan artıq soydaşımızı soyqırımına məruz qoyublar. Azərbaycan xalqına qarşı yönəldilən erməni təcavüzünün başlıca məqsədi müxtəlif üsul və vasitələrdən, tarixin saxtalaşdırılmasından, siyasi təxribatlardan, ümumiyyətlə isə hər cür çirkin əməllərdən istifadə edərək Azərbaycan torpaqları hesabına erməni dövlətinin əsasını qoymaq və onu genişləndirərək “böyük Ermənistan” yaratmaqdan ibarət olub. Bu niyyətin reallaşmasında ermənilərin maraqları o vaxt çar Rusiyasının Qafqazdakı maraqları ilə üst-üstə düşürdü.
1828-ci il martın 21-də rus imperatoru I Nikolayın İrəvan və Naxçıvan xanlıqlarının əraziləri hesabına “Erməni vilayəti” yaradılması barədəki fərmanı artıq Azərbaycan türkləri üçün gələcək dəhşətli günlərə rəvac verdi. XX əsrin əvvəllərindən başlayaraq ermənilər xalqımıza qarşı etnik təmizləmə siyasəti yetirməyə başladı. “Daşnaksütyun” partiyası öz proqramında dəyişiklik edərək Qafqazda müstəqil erməni dövləti yaratmaq məqsədilə silahlı birləşmələr təşkil etdi. 1905-1907-ci illərdə Rusiyada baş verən inqilabi proseslərdən istifadə edən ermənilər soyqırımı siyasətinin birinci mərhələsini həyata keçirməyə başladılar. Onlar Bakıda, İrəvanda, Naxçıvanda, Gəncədə, Qarabağda, Qazaxda və Tiflisdə dinc azərbaycanlılara qarşı kütləvi qətliamlar törətdilər. On min nəfərdən artıq silahlı erməni birləşmələri təkcə Şuşa, Cavanşir, Cəbrayıl və Qazax qəzalarında kütləvi qırğınlar törədərək 200-dən çox Azərbaycan kəndini viran etdi, on mindən artıq soydaşımızı qətlə yetirdi.
Rektor vurğulayıb ki, birinci dünya müharibəsi zamanı, habelə Azərbaycanlıların soyqırımının növbəti mərhələləri olan 1918-1920-ci, 1948-1953-cü, 1988-1994-cü illərdə erməni daşnaklarının törətdikləri vəhşiliklər tarixi həqiqətlərdir.
Professor Yusif Yusibov Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanının tarixi əhəmiyyətini xüsusi qeyd edib.
Tarix elmləri doktoru, professor Həsənbala Sadıqov “Erməni məsələsi: xəyanəti, deportasiyanı, soyqırımını və işğalı pərdələyən yalan” adlı kitabı üçün Türkiyə Respublikasının müxtəlif arxivlərində apardığı çoxillik elmi araşdırmalar zamanı əldə etdiyi mühüm tarixi sənədlər və onların “erməni məsələsi”nin ifşasındakı rolundan danışıb.
Konfransda çıxış edən məruzəçilər müxtəlif dövrlərdə xalqımıza qarşı törədilən soyqırımı siyasəti, kütləvi qətliamlar, görünməmiş vəhşiliklər haqqında söz açıblar.
Sonda çıxış edən rektorun baş müşaviri Asif Cavadov bildirib ki, xalqımıza qarşı planlı şəkildə aparılan soyqırımı və etnik təmizləmə siyasəti milli tariximizin faciəli səhifələrindən biri kimi daim yaddaşımızda yaşayacaq.

31 mart 2018-03-30 16:19:00