×
A
A
A
Sazlamalar

Amerika Yəhudi Komitəsinin nümayəndələri Azərbaycandakı tolerantlıq mühitini yüksək qiymətləndiriblər

Bakı, 25 fevral, AZƏRTAC

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Amerika Yəhudi Komitəsinin prezidenti Con Şapironun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə nazir E.Məmmədyarov Azərbaycanın müxtəlif mədəniyyətlərin və dinlərin nümayəndələrinin sülh və harmoniya şəraitində birgə yaşadığı məkan olduğunu bildirərək multikulturalizm və tolerantlığın Azərbaycan xalqının ən böyük mənəvi sərvəti olduğunu vurğulayıb. Son illər Azərbaycanın dinlərarası və mədəniyyətlərarası dialoqun təşviqinə həsr edilmiş çoxsaylı qlobal tədbirlərə ev sahibliyi etdiyini söyləyən Elmar Məmmədyarov bu xüsusda ölkəmizin təşəbbüsü ilə keçirilən Beynəlxalq Humanitar Forum və Mədəniyyətlərarası və Dinlərarası Dialoq Forumunun əhəmiyyətini qeyd edib.
Tərəflər bu kimi tədbirlərə ev sahibliyi etməsini Azərbaycanın dinlərarası və sivilizasiyalararası dialoqa verdiyi töhfənin təzahürü kimi qiymətləndiriblər.
Görüşdə Azərbaycanın İsrail ilə, eləcə də Amerika Yəhudi Komitəsi və digər yəhudi təşkilatları ilə əməkdaşlıq əlaqələrinin inkişafından məmnunluq vurğulanıb. Ölkəmizdə yəhudi icmasına göstərilən dəstək və qayğıya görə öz təşəkkürünü bildirən qonaqlar Azərbaycandakı tolerantlıq mühitini yüksək qiymətləndirdilər.
Görüşdə, həmçinin əməkdaşlıq əlaqələrinin inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Xarici siyasət 2018-02-25 22:18:00