×
A
A
A
Sazlamalar

Tarixi sənədlər erməni millətçilərinin əsas hədəfinin Azərbaycan xalqı olduğunu bir daha sübut edir

Göyçay, 31 mart, Şahnəzər Bəşirov, AZƏRTAC

1918-ci il martın 30-31-də Bakı Kommunası və erməni şovinistləri Azərbaycanda kütləvi qırğınlar, qətliamlar törətməklə bəşər tarixində misli görünməmiş soyqırımına imza atıblar. Bu soyqırımına siyasi qiymət isə Azərbaycan dövləti ikinci dəfə öz müstəqilliyinə qovuşduqdan sonra verilib. 1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanı erməni millətçilərinin hərəkətlərinə verilən ilk dolğun və hərtərəfli siyasi qiymət olub.
AZƏRTAC xəbər verir ki, bu fikirlər 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Göyçay rayonu Heydər Əliyev Mərkəzində keçirilən konfransda səsləndirilib.
Rayon rəhbərliyinin, idarə və təşkilat kollektivlərinin, hüquq-mühafizə orqanları əməkdaşlarının, təhsil və səhiyyə işçilərinin, gənclərin iştirak etdiyi tədbirdə əvvəlcə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun əməkdaşı, tarix elmləri doktoru, professor Solmaz Rüstəmova çıxış edərək bildirib ki, ermənilər 1918-ci ilin mart ayında bir çox yerlərdə olduğu kimi, Göyçay qəzasında da soyqırımı həyata keçiriblər. Bu ərazilər 1918-ci ilin iyununda türk və azərbaycanlı əsgərlərdən ibarət Türk Qafqaz İslam Ordusunun köməyi ilə, Göyçay qəzasında, Qarabaqqal və Qaraməryəm kəndləri ərazisində baş verən döyüşlərdən sonra düşməndən təmizlənir. General-mayor Nuru Paşanın rəhbərliyi ilə Türk Qafqaz İslam Ordusunun ilk qərargahı Göyçay şəhərində yaradılır və düşmənə qarşı döyüşün ilk dönüş nöqtəsi də Qarabaqqal kəndi ərazisindəki 4 günlük qızğın döyüş olur. Bu döyüş həlledici əhəmiyyət daşıyır və beləliklə Azərbaycan torpaqlarının düşməndən azad olunmasının əsası qoyulur. Göyçay ərazisində başlayan zəfər yürüşləri 1918-ci il sentyabrın 15-də Bakının düşməndən azad olunması ilə başa çatır.
Solmaz Rüstəmova qeyd edib ki, azərbaycanlı əhaliyə qarşı bolşevik bayrağı altında erməni quldur dəstələrinin törətdikləri qırğınları təhqiq etmək üçün 1918-ci il iyulun 15-də yaradılmış Fövqəladə Təhqiqat Komissiyasının 36 cildlik istintaq materialları sırasında Göyçay və Cavad qəzalarında da təhqiqatlar aparıldığı göstərilsə də, bu qəzalara dair sənədlər respublikada qalmamış və uzun müddət itirilmiş hesab edilib. Lakin uzun illər axtarışlardan sonra komissiyanın çəkdiyi fotosənədlər Parisdə, yəni Əlimərdan bəy Topçubaşovun arxivində aşkar edildikdə məlum olub ki, Azərbaycan Xarici İşlər Nazirliyi həmin fotoşəkillərlə yanaşı FTK-nın Bakı, Şamaxı, Quba, Göyçay və Cavad qəzalarına dair istintaq materiallarının bir hissəsini də Fransaya, Paris Sülh Konfransında iştirak edən Azərbaycan nümayəndə heyətinə göndərib. Beləliklə, Parisə göndərilən sənədlər - qırğınlara məruz qalmış insanların şahid ifadələri və bu ərazilərdə təhqiqat aparmış müstəntiqlərin məruzələri əsasında Göyçay və Cavad qəzalarındakı faciələr haqqında da məlumat əldə etmək mümkün olub. Parisə göndərilmiş materiallar arasında həmin qəzaların əhalisinə vurulmuş insani və maddi itkiləri əks etdirən aktların olmaması öldürülmüş insanların və dəymiş zərərin ümumi sayını və miqdarını müəyyənləşdirməyə imkan verməsə də, əldə edilən sənədlər Azərbaycanın bu regionlarında bolşevik bayrağı altında cinayətlər törədən erməni millətçilərinin əsas hədəfinin bütünlükdə Azərbaycan xalqı, müsəlmanlar olduğunu bir daha sübut edir.

X X X

31 mart soyqırımının qurbanları Mingəçevirdə də anılıb.
Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Mingəçevir şəhər Heydər Əliyev Mərkəzində təşkil edilən toplantıda çıxış edənlər bildiriblər ki, 31 mart bütün dünyada yaşayan azərbaycanlılar tərəfindən kədər və hüznlə soyqırımı qurbanlarının anım günü kimi qeyd edilir. Diqqətə çatdırılıb ki, xain və satqın ermənilər uzun illərdir xalqımıza qarşı soyqırımı və deportasiya siyasəti yeridib, yüz minlərlə soydaşımız qətlə yetirilib.
Konfransda şəhər 17 nömrəli tam orta məktəbin tarix müəllimi Ceyhun Atayev “1918–ci ilin mart qırğınları ermənilərin xalqımıza qarşı törətdiyi soyqırımı cinayətlərinin tərkib hissəsidir”, Mingəçevir Dövlət Universitetinin kafedra müdiri Mayıl İsmayılov “1948-1953-cü illərdə azərbaycanlıların tarixi torpaqlarından deportasiyası erməni xislətinin növbəti mərhələsidir”, Mingəçevir Dövlət Universitetinin tarix müəllimi Tahirə Quliyeva “Dağlıq Qarabağ hadisələri ermənilərin azərbaycanlılara qarşı tarixən yürütdüyü soyqırımı siyasətinin davamıdır” mövzusunda məruzə ediblər.

31 mart 2017-03-31 20:48:00