×
A
A
A
Sazlamalar

Ermənistan bütün dünyada işğalçı dövlət kimi tanınacaq

Bakı, 31 mart, AZƏRTAC 

Martın 31-də Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan tədbir keçirilib.
ATMU-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə universitetin rektoru vəzifəsini icra edən Eldar Aslanov XIX əsrin əvvəllərindən başlayaraq Qafqazda kütləvi şəkildə məskunlaşdırılan ermənilərin “Böyük Ermənistan” xülyasının azərbaycanlılara qarşı törədilən qətliam və soyqırımı aktlarının həyata keçirilməsi ilə nəticələndiyini, qanla yazılan tarixin zaman-zaman təkrarlandığını faktlarla əsaslandırıb. Vurğulanıb ki, 1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyev tərəfindən imzalanan “Azərbaycanlıların soyqırımı haqqında” hüquqi-siyasi əhəmiyyətli Fərmanda Cənubi Qafqazın azərbaycanlı əhalisinə qarşı törədilən kütləvi qırğın, soyqırımları və etnik düşmənçilik siyasətinin tarixi kökləri təsdiqini tapıb.
ATMU-nun dosenti, tarix elmləri namizədi Məhərrəm Zülfüqarlı “Azərbaycanlılara qarşı erməni soyqırımlarının tarixi təhlili” mövzusunda məruzə ilə çıxış edib. Vurğulanıb ki, ötən əsrin əvvəllərindən başlayaraq imperialist dairələrin birbaşa dəstəyi və təşkilatçılığı ilə silahlı erməni millətçiləri və daşnak birləşmələri tərəfindən Bakıda, Şamaxıda, Qubada, Göyçayda, Lənkəranda, Salyanda, Zəngəzurda, Qarabağda, Naxçıvanda və digər bölgələrdə yaş fərqinə məhəl qoymadan minlərlə soydaşımız qəddarlıqla öldürülüb.
Digər çıxış edənlər də 1918-ci il mart hadisələri zamanı minlərlə azərbaycanlının xüsusi amansızlıqla qətlə yetirildiyini ürək ağrısı ilə xatırladıblar. Onlar Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasət nəticəsində Ermənistanın bütün dünyada işğalçı dövlət kimi tanınacağına əminliklərini bildiriblər.

31 mart 2017-03-31 20:35:00