×
A
A
A
Sazlamalar

Çingiz Hüseynzadə: Ramil Quliyevin atletika üzrə dünya çempionu olması sevindiricidir VİDEO

Bakı, 15 avqust, AZƏRTAC

Azərbaycanlı idmançı Ramil Quliyevin Londonda atletika üzrə dünya çempionu olması sevindiricidir.
AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Atletika Federasiyasının prezidenti, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə avqustun 15-də keçirdiyi mətbuat konfransında deyib.
Vitse-prezident qeyd edib ki, atletika üzrə dünya çempionatı iki ildən bir keçirilir. Dünya çempionatına ilk dəfə olaraq 5 idmançımız lisenziya qazandı. Güclü idmançılarımızdan biri zədələndiyi üçün çempionata 4 idmançı ilə qatıldıq və çox uğurlu nəticə əldə etdik. Dünya çempionatında 5-ci yeri tutmaq böyük nəticədir. İdmançılarımız çəkicatma və üçtəkanla tullanma yarışlarında 5-ci oldu. Hayle İbrahimovun nəticəsi zəif idi. Nazim Babayevə ümidlər bəsləyirdik. Amma bu çempionat onun üçün əsas yarış deyildi. Bundan bir neçə həftə öncə o, 23 yaşlılar arasında Avropa çempionatında uğurla çıxış etdi. Onun çempionatda iştirakı təcrübə qazanmaq məqsədi daşıyırdı.
Çingiz Hüseynzadə deyib ki, Ramil Quliyevin dünya çempionu olması böyük hadisədir. Hamımız onu təbrik etdik. Finaldan öncə nəticələri araşdırıb proqnoz verəndə Ramilin medal qazanmaq şansı olduğunu görürdük. Stadionda hər dəfə elan olunurdu ki, azərbaycanlı idmançı Ramil Quliyev qaçır. Beynəlxalq Atletika Federasiyasının prezidenti də bu münasibətlə birinci olaraq Azərbaycanı təbrik etdi. Sevindirici haldır ki, Ramil qələbəsini həm Azərbaycan, həm də Türkiyə bayraqları ilə qeyd etdi. Azərbaycan Prezidenti İlham Əliyev də bu uğuru münasibətilə Ramili təbrik etdi. Onun qələbəsi ölkəmizdə atletikanın inkişafına təkan verəcək, idmanın bu növünün kütləviləşməsinə imkan yaradacaq.
“The Guardian” qəzetində Azərbaycan atletikası haqqında dərc olunan yazıya münasibət bildirən Ç.Hüseynzadə deyib: “Bu qəzetdə Azərbaycan həqiqətlərinin saxtalaşdırılması istiqamətində yazılar dərc olunur. Son illər həmin mətbuat orqanında ölkəmizlə bağlı 417 qərəzli xəbər dərc olunub. Bu mətbuat orqanı Avropa Oyunları ərəfəsində də öz qərəzli mövqeyini nümayiş etdirmişdi”.
Sonda jurnalistlərin sualları cavablandırılıb.

İdman 2017-08-15 14:48:00

Video