×
A
A
A
Sazlamalar

Təsisçi Bakı Fransız Liseyi Təhsil Kompleksinin ləğv olunmasının səbəbini açıqlayıb

Bakı, 19 aprel, AZƏRTAC

Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi İctimai Birliyi (ABTM) təsisçisi olduğu Bakı Fransız Liseyi Təhsil Kompleksinin (BFL) ləğv olunması haqqında qərar qəbul edib.
ABTM-dən AZƏRTAC-a bildirilib ki, qərarın qəbul edilməsində əsas səbəblər 10 illik fəaliyyəti ərzində BFL-in şagird sayının fəaliyyət planında nəzərdə tutulan saydan əsaslı şəkildə aşağı olması, saxlanma xərcləri ilə bağlı çətinliklər, habelə fəaliyyətin iqtisadi cəhətdən səmərəli olmamasıdır.
“Belə ki, 320 şagird üçün nəzərdə tutulan məktəb, bu illər ərzində təsisçi tərəfindən təyin edilən hədəfə çatmamamış, 200 nəfərlik baryeri (60%) keçə bilməyib, bu isə öz növbəsində məktəbin rentabelliyinə ciddi şəkildə təsir göstərib və təsisçi öz büdcəsindən hər il BFL-in fəaliyyətinin davam etdirməsi üçün əlavə xərcləri qarşılamaq məcburiyyətində qalıb. Qeyd olunanları nəzərə alaraq cari vəziyyətdə BFL-in bundan sonrakı fəaliyyətini davam etdirməsi təsisçi tərəfindən mümkünsüz hesab edilib”, - məlumatda bildirilib.
BFL-də tədris ilinin bu il iyulun 1-də başa çatacağını nəzərə alaraq şagirdlər təhsil proqramının sonuna qədər təhsillərini davam etdirəcək. Ləğv olunma haqqında qərar yalnız iyulun 1-dən qüvvəyə minəcək.

Elm və təhsil 2024-04-19 16:34:00