×
A
A
A
Sazlamalar

Ali Məhkəmə: İnzibati orqan öz praktikasını inzibati məhkəmə qərarlarının məzmununa uyğunlaşdırmağa borcludur

Bakı, 19 aprel, AZƏRTAC

Azərbaycan Ali Məhkəməsində iddiaçının cavabdehə qarşı “iddiaçının mənzilə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi” tələbinə dair inzibati işə baxılıb.
AZƏRTAC Ali Məhkəmənin rəsmi saytına istinadla xəbər verir ki, verilən məlumata görə, iddiaçı X MTK-nın sədri ilə arasında bağlanmış 2021-ci il 7 dekabr tarixli müqaviləyə əsasən inşa olunan çoxmərtəbəli yaşayış binasından mənzil alıb. Müqaviləyə əsasən mənzilin dəyəri 1 kvadratmetr üçün 500 manat müəyyən olunub, 123,5 kvadratmetr sahəsi üçün 61 min 750 manat təşkil edib. Mənzilin dəyəri iddiaçı tərəfindən tam şəkildə ödənilib, bu barədə 2021-ci il dekabrın 7-də arayış verilib. Daha sonra iddiaçı ərizə ilə cavabdehə müraciət edərək mənzilə dair pay haqqını – mənzilin dəyərini tam ödədiyindən, onun həmin mənzil üzərində sahiblik və istifadə hüququ olması əsası ilə müvafiq mənzilə dair hüquqlarının qeydiyyata alınmasını xahiş edib. Cavabdeh 2022-ci il 23 fevral tarixli məktubla müraciətin təmin olunmasından imtina edib. Cavabdeh bildirib ki, MTK-ya məxsus çoxmərtəbəli yaşayış binasının “Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqqında dövlət qəbul komissiyasının aktı” (və ya istismara icazə sənədi) idarəyə daxil olmayıb.
İddiaçı 2022-ci il aprelin 4-də iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mənzilinin üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edib. Birinci instansiya məhkəməsinin 2022-ci il 18 oktyabr tarixli qərarı ilə iddia rədd edilib. Məhkəmə hesab edib ki, iddiaçının iddia etdiyi mənzilin yerləşdiyi ünvanda MTK-nın inşa etdiyi çoxmərtəbəli yaşayış binasının “istismara qəbul aktı” və ya “istismara hazırlıq aktı” və “istismara icazə” sənədi təqdim edilmədiyindən, cavabdeh inzibati orqan tərəfindən iddiaçının həmin mənzilə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina edilməsi qanuna zidd sayıla bilməz və iddiaçının hüquqlarının pozulmasına səbəb olan halı qismində qiymətləndirilməməlidir. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş edib. Apellyasiya instansiya məhkəməsinin 2023-cü il 7 aprel tarixli qərarı ilə birinci instansiya məhkəməsinin 2022-ci il 18 oktyabr tarixli qərarı dəyişdirilmədən saxlanılıb. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşıb. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və şikayətin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edib.
Ali Məhkəmə işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edib ki, kassasiya şikayəti əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməyib, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli tədqiq olunmayıb. Belə ki, cavabdehin məktubundan müəyyənləşdirilir ki, həmin ünvanda inşa olunmuş çoxmərtəbəli yaşayış binasında 23 mənzil qeydiyyata alınıb. Həmin mənzillər məhkəmə qərarına, MTK tərəfindən verilmiş maliyyə arayışlarına, protokolundan çıxarışlara əsasən qeydiyyatdan keçiblər. Apellyasiya instansiyası məhkəməsi mübahisəli mənzilin yerləşdiyi binadan 23 mənzilin qeydiyyatdan keçməsi barədə iddiaçının dəlilinə münasibət bildirərək qeyd edib ki, “İnzibati icraat haqqında” Qanunun 13.5-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. Belə ki, inzibati orqanın mövcud praktikasına vətəndaşın etimad hüququ qanunla qorunsa da, etimad hüququnun tətbiq edildiyi orqanın praktikası qanunsuz hərəkətlərə əsaslana bilməz. Hazırkı mübahisənin faktiki halları üzrə isə yaşayış binasının “istismara qəbul aktı” və ya “istismara hazırlıq aktı” və “istismara icazə”si olmadığı halda, inzibati orqanın həmin bina üzrə digər mənzillərə çıxarış verilməsi ilə əhatə olunan hərəkətlərinə vətəndaşın etimad hüququnun qorunması məhkəmə kollegiyası tərəfindən müdafiə edilə bilməz.
Məhkəmə kollegiyası hesab edib ki, hazırkı mübahisənin qanuni və əsaslı həlli baxımından iş üzrə bərabərlik və etimad hüququnun qorunması prinsiplərinin pozulması hallarının mövcudluğu ilə bağlı məsələyə də qiymət verilməlidir. Əgər hər hansı məsələ üzrə mübahisə məhkəmə çəkişməsi nəticəsində həll edilibsə, eyni faktiki hallara və hüquqi əsaslara söykənən sonrakı mübahisələrdə inzibati orqan özünün praktikasını həmin qərarın məzmununa uyğunlaşdırmaqla formalaşdırmağa borcludur. Nəzərə alınmalıdır ki, inzibati orqanın məhkəmə qərarına əsaslanan inzibati (hüquq tətbiqi) praktikasının dəyişdirilməsi üçün ya həmin məhkəmə qərarı hüquqi qüvvəsini itirməli və ya sonradan həmin məsələyə münasibətdə yeni məhkəmə təcrübəsi formalaşmalı, yaxud da məhkəmə qərarının əsasında duran maddi-hüquqi əsaslar dəyişməlidir.
Kollegiya qeyd edib ki, sözügedən halların araşdırılması və müəyyən olunması mübahisəyə dair iş üzrə əsaslı və obyektiv qanunauyğun qərarın qəbulu baxımından xüsusi əhəmiyyət daşıyır. Həmin hallar araşdırılmadan və onlara iş üzrə müəyyən olunmuş digər hallarla birlikdə qiymət verilmədən qəbul olunmuş məhkəmə qərarı əsaslı və obyektiv qərar hesab oluna bilməz. İşə təkrar baxılması zamanı apellyasiya məhkəməsi tərəfindən bu qərarın əsaslandırma hissəsində qeyd olunan hallar, obyektiv araşdırma prinsipinin tələblərinə uyğun olaraq araşdırılmalı və müəyyən edilməlidir.
Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilib. Apellyasiya instansiya məhkəməsinin 2023-cü il 7 aprel tarixli qərarı ləğv edilib, iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilib.



Cəmiyyət 2024-04-19 15:22:00