×
A
A
A
Sazlamalar

Professor Bilgiç: Heydər Əliyevin Türkiyə təbabətinə inamı mənim qürur mənbəyimdir

Ankara, 10 may, AZƏRTAC

Heydər Əliyev türk dövlətlərinin yaxınlaşmasına tarixi töhfə vermiş böyük xadimdir.
Bu barədə AZƏRTAC-ın müxbiri ilə söhbətində "Gülhane" Hərbi Tibb Akademiyasının Elmi Şurasının keçmiş rəhbəri, professor Hayati Bilgiç bildirib.
O, Azərbaycan xalqının Ümummilli Liderinin Türkiyədə müalicəsi zamanı ona məsləhətlər verən həkimlərdən biri olduğunu deyib.
“Heydər Əliyevin türk təbabətinə olan inamı bu gün də mənim üçün qürur mənbəyidir”, - deyə Bilgiç qeyd edib.
Professorun sözlərinə görə, Azərbaycan xalqının Ümummilli Lideri strategiya və siyasət ustası olub, məhz Heydər Əliyevin siyasəti Azərbaycanı böhran və problemlərdən qurtardı.
"Heydər Əliyev amili Azərbaycanın çiçəklənməsinin, ölkələrimizin həmrəyliyinin və birliyinin açarıdır. Mən fəxr edirəm ki, belə böyük bir insanla şəxsən tanış olmuşam", - deyə professor əlavə edib.
Azərbaycanın Ümummilli Liderinin mülahizələrinin qısa və aydın olması hərbi həkimə xüsusilə təsir edib: "Heydər Əliyevdə bir dənə də olsun artıq cümlə yox idi. Mən bu dövlət xadiminin böyüklüyü qarşısında baş əymək istərdim".
O həmçinin qeyd edib ki, Azərbaycana hər bir səfəri onun getdikcə daha çox inkişaf edən ölkə haqqında təsəvvürünü formalaşdırır ki, bu da Heydər Əliyev kursu sayəsində mümkün olub.
Hayati Bilgiç vurğulayıb ki, bir vaxtlar Heydər Əliyevin ona hədiyyə etdiyi zəncirli saatı böyük dəyər kimi qoruyub saxlayır.

Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara

Cəmiyyət 2024-05-10 06:07:00