×
A
A
A
Sazlamalar

Moskvadakı sərgidə faşizm üzərində Qələbədə Azərbaycanın roluna həsr olunmuş tədbirlər keçirilib

Moskva, 9 may, AZƏRTAC

Mayın 9-da Moskva şəhərində Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisindəki "Azərbaycan" pavilyonunda 1941-1945-ci illərdə faşizm üzərində Qələbədə Azərbaycanın roluna həsr olunmuş tədbirlər təşkil olunub.
AZƏRTAC xəbər verir ki, onlardan biri "Azərbaycanın faşizm üzərində Qələbədə rolu" adlı fotosərgi olub. Qonaqlara Qələbə Gününü hərbi əməyi və şücaətləri ilə yaxınlaşdıran Azərbaycanın oğul və qızlarından, görkəmli həkimlərinin, bəstəkarlarının, yazıçılarının, əfsanəvi kəşfiyyatçıların və tanınmış hərbi rəhbərlərinin həyatından danışılıb.
Pavilyonun direktoru Səadət Kadırova iştirakçıları faşizm üzərində Qələbə Günü münasibətilə təbrik edərək deyib: "Azərbaycan xalqı döyüş meydanında və arxa cəbhədə bu Qələbəni öz qəhrəmanlığı və əməyi ilə yaxınlaşdırırdı. Azərbaycan nefti burada əsas rol oynayıb. Nasistlər başa düşürdülər ki, Bakını ələ keçirməklə cəbhəni yanacaqla bəsləyən əsas arteriyanı kəsə biləcəklər. Azərbaycan xalqı keçmiş Sovet İttifaqının bütün xalqları ilə çiyin-çiyinə durdu, babalarımız faşizmə qalib gəldi".
Pavilyonun direktoru xatırladıb ki, Azərbaycan ən yaxın tarixdə işğalın dəhşətli nəticələrini öz üzərində hiss edib.
"Bu gün tarixi düzgün qiymətləndirmək həmişəkindən daha vacibdir. Xocalını xatırlasaq, soyqırımın dinc əhaliyə qarşı dəhşətli nəticələrindən danışa bilərik. Buna görə də bu gün bizim üçün, azərbaycanlılar üçün xüsusilə əhəmiyyətlidir. Pavilyonumuza çox sayda paytaxt qonaqları gəlir, tarixi fotolara maraqla baxır, adlarını Qələbə tarixinə qızıl hərflərlə yazan azərbaycanlı qəhrəmanlar haqqında filmləri izləyirlər", - deyə o əlavə edib.
Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov jurnalistlərlə söhbətində qeyd edib ki, XX əsrin bəlası olan faşizmə qarşı Qələbədə Azərbaycan çox böyük rol oynayıb. O xatırladıb ki, döyüş əməliyyatlarında yarım milyondan çox azərbaycanlı iştirak edib, bir çoxu orden və medallarla təltif olunub, Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb.
"Azərbaycanda arxa cəbhə əməkçiləri yorulmadan çalışırdılar. Düşməni darmadağın edən tanklarımız, təyyarələrimiz məhz Azərbaycan nefti ilə doldurulurdu", - deyə Markov bildirib.
Gün ərzində pavilyonun mərkəzi zalında Azərbaycan kinematoqrafçılarının Böyük Vətən müharibəsi haqqında, habelə qəhrəmanların sücaətindən bəhs edən müasir sənədli və bədii filmlər nümayiş olunub.

Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva

Cəmiyyət 2024-05-09 23:39:00