×
A
A
A
Sazlamalar

Cüdo Federasiyasının baş katibi: Ümid edirəm ki, Avropa çempionatında nəticələrimiz ötənilkindən zəif olmayacaq

Bakı, 16 aprel, AZƏRTAC

“Hazırlığın əsas məqsədi “Paris-2024” Yay Olimpiya Oyunlarına daha yaxşı səviyyədə yollanmaqdır. Çünki bəzi çəki dərəcələrində lisenziyamız var”.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Cüdo Federasiyasının baş katibi Rəşad Rəsullu jurnalistlərə açıqlamasında deyib.
O, hər bir idmançının şəxsi hədəflərinin olduğunu bildirib: “Avropa və dünya çempionatlarında mübarizə aparacağıq. Burada idmançıların özlərini yaxşı tərəfdən göstərməsi vacibdir. Olimpiya Oyunlarına lisenziya qazanmaq ehtimalı olan cüdoçuların da formada olması önəmlidir”.
Baş katib aprelin 25-27-də Xorvatiyanın paytaxtı Zaqrebdə keçiriləcək Avropa çempionatındakı hədəfləri barədə də danışıb: “Ümid edirəm ki, nəticələrimiz ötənilkindən zəif olmayacaq. Komandaya inanıram”.

 

İdman 2024-04-16 17:19:00