×
A
A
A
Sazlamalar

Belaruslu baş məşqçi: Mahir Emreli “Legiya”dan ayrılmaqla düzgün addım atmışdı

Bakı, 12 aprel, AZƏRTAC

“Emreli və Lukinyas azarkeşlərin hücumundan sonra “Legiya”dan ayrılmaqla düzgün addım atmışdılar”.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Zaqlembe” klubunun baş məşqçisi Aleksandr Xatskeviç yerli azarkeşlərlə yaşadığı problem barədə Polşa mətbuatına müsahibəsində deyib.
Belaruslu mütəxəssis bildirib ki, klub təhlükəsizliyi təmin edə bilmirsə, oranı tərk etmək lazımdır: “Çünki söhbət sağlamlıqdan gedir. Bunu heç bir pulla satın almaq olmaz. Bu gün maskada gələnlər sabah bıçaqlarla hücum edəcəklər. İlk dəfə olsaydı, başa düşmək olardı. Mənim üçün sağlamlıq puldan daha vacibdir. Bu komandaya pul yox, kömək üçün gəlməmişəm”.
Qeyd edək ki, Mahir Emreli 2021-ci ildə komandası ilə səfər oyunundan qayıdarkən “Legiya” azarkeşlərinin hücumuna məruz qalmışdı. Məhz həmin hadisədən sonra Azərbaycan millisinin hücumçusu Varşava təmsilçisini tərk etmişdi. Forvard hazırda Xorvatiyanın “Dinamo” (Zaqreb) komandasının formasını geyinir.

 

İdman 2024-04-12 13:09:00