×
A
A
A
Sazlamalar

Türkiyədə bələdiyyə seçkilərinə hazırlıq başa çatır

Ankara, 27 mart, AZƏRTAC

Türkiyədə 2024-cü il martın 31-i - bazar gününə təyin edilmiş yerli özünüidarə orqanlarına seçkilərə hazırlıq prosesi başa çatır.
AZƏRTAC xəbər verir ki, 61,4 milyondan çox Türkiyə vətəndaşı seçkilərdə səs vermək hüququna malikdir.
Səsvermənin nəticələrinə əsasən, ölkənin 81 vilayətində bələdiyyə şuralarının başçıları və tərkibi, həmçinin 50 min 336 kənd və məhəllə muxtarı müəyyənləşəcək. Ölkə üzrə 206 mindən çox seçki qutusu quraşdırılıb.
Türkiyənin əksər əyalətlərində seçki məntəqələri yerli vaxtla saat 08.00-dan 17.00-a qədər açıq olacaq. Eyni zamanda, Türkiyə Yüksək Seçki Komissiyasının qərarına əsasən, günəşin batması vaxtı nəzərə alınaraq, 32 vilayətdə səsvermə vaxtı bir saat - yerli vaxtla saat 07.00-dan 16.00-a dəyişdirilib.
Rəsmi məlumata görə, Türkiyədə 1 milyon 32 min 610 gənc seçici ilk dəfə səs verəcək.
Martın 31-də keçiriləcək bələdiyyə seçkilərində hakim Ədalət və İnkişaf Partiyası da daxil olmaqla, 34 siyasi partiyanın namizədləri iştirak edəcəklər.
Seçkiqabağı təşviqat martın 30-u saat 18:00-dək davam edəcək, bundan sonra qadağa qüvvəyə minəcək və martın 31-i gecə yarısına kimi qüvvədə olacaq.
Səsvermənin ilkin nəticələri aprelin 1-nə keçən gecə Türkiyə Yüksək Seçki Komissiyası tərəfindən açıqlanacaq.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulun Üsküdar rayonundakı seçki məntəqələrindən birində səs verəcək.

 

Dünya 2024-03-27 15:49:00