×
A
A
A
Sazlamalar

BMT-nin hesabatı: Su böhranı qlobal sülhə təhlükə törədir

Bakı, 27 mart, AZƏRTAC

Birləşmiş Millətlər Təşkilatının 2024-cü il Dünya Su İnkişafı Hesabatında su üzərində gərginliyin bütün dünyada münaqişələri daha da gücləndirdiyi vurğulanır. Ekspertlər qeyd edirlər ki, sülhü qorumaq üçün dövlətlər beynəlxalq əməkdaşlığı gücləndirməli və yeni transsərhəd sazişləri bağlamalıdır.
AZƏRTAC BMT-nin saytına istinadla xəbər verir ki, yeni hesabata görə, bu gün 2,2 milyard insan hələ də təhlükəsiz idarə olunan içməli sudan, 3,5 milyard insan isə təhlükəsiz idarə olunan kanalizasiyadan məhrumdur. BMT-nin 2030-cu ilə qədər hamı üçün suya əlçatanlığı təmin etmək məqsədi çox uzaqdır və hazırda bu bərabərsizliklərin artmaqda davam edəcəyindən qorxmağa əsas var.
Hesabat müəllifləri qeyd ediblər ki, 2002-2021-ci illər arasında quraqlıqlar 1,4 milyarddan çox insana təsir edib. 2022-ci ilə qədər dünya əhalisinin təxminən yarısı ilin ən azı bir mövsümündə ciddi su qıtlığı yaşayıb, dörddəbiri isə illik bərpa olunan şirin su ehtiyatlarının 80 faizindən çoxundan istifadə edərək “son dərəcə yüksək” su stresi ilə üzləşib. İqlim dəyişikliyinin sosial sabitlik üçün kəskin riskləri ilə birlikdə bu hadisələrin tezliyinin və şiddətinin artacağı proqnozlaşdırılır.
BMT qeyd edir ki, su qıtlığının ilk qurbanları qızlar və qadınlardır. Belə ki, bu faktor qida təhlükəsizliyinin və sağlamlıq risklərinin artmasına səbəb olan yaşayış şəraitini pisləşdirir. Su qıtlığının xüsusilə qızlar və qadınlar üçün sosial inkişafa da təsiri var. Su təchizatına çıxışın azalması qadınların təhsilinə, iqtisadi iştirakına və təhlükəsizliyinə xələl gətirən yükü daha da artırır. Bu da oğlanlarla müqayisədə qızlar arasında orta məktəbi tərk etmə nisbətinin daha yüksək olmasına səbəb olur.
Hesabatda bildirilir ki, su təhlükəsizliyinin olmaması miqrasiyanın səbəblərindən biri kimi müəyyən edilib. Bu yerdəyişmə, öz növbəsində, yaşayış məntəqələrində su sistemləri və resursları üzərində əlavə problemlər yaratmaqla su təhlükəsizliyinə təsir edə və bununla da sosial gərginliyi artıra bilər. Somalidə aparılan araşdırma bir qrup köçkün insana qarşı gender əsaslı zorakılığın 200 faiz artdığını göstərir.
Su qıtlığı, həmçinin münaqişə riskini artıra bilər. Afrikanın Sahil bölgəsində bataqlıq ərazilərin deqradasiyası (çox vaxt yararsız su inkişafı layihələri səbəbindən) suya və məhsuldar torpaqlara çıxışla bağlı yerli mübahisələri gücləndirərək gərginliyə səbəb olub.
Dünya əhalisinin təqribən 40 faizinin transsərhəd çay və göl hövzələrində yaşadığı bir şəraitdə ölkələrin yalnız beşdəbirinin bu paylaşılan resursları ədalətli şəkildə və birgə idarə etmək üçün transsərhəd sazişləri var. Bir çox transsərhəd hövzələri artıq indiki və ya keçmiş dövlətlərarası gərginliklərlə qeyd olunan ərazilərdə yerləşir. Ərəb regionunda 2021-ci ildə yeddi ölkə sudan ötrü münaqişədə olub, onlardan bəzilərinin tarixi uzun illər əvvələ gedib çıxır. Bu, su təchizatı, infrastruktur və su ilə bağlı məsələlərdə potensial əməkdaşlığa geniş təsir göstərib.
Hesabatın sonunda qeyd olunur ki, Afrika su ilə bağlı dövlətlərarası gərginliyə qarşı xüsusilə həssas qitə olaraq qalır. Belə ki, tədqiq edilmiş 22 dövlətdən 19-u su qıtlığından əziyyət çəkir və qitənin şirin su ehtiyatlarının üçdə ikisi transsərhəd bölgəsində yerləşir. Afrikada xəritələnmiş 106 transsərhəd sulu təbəqədən yalnız yeddisində dövlətlərarası əməkdaşlıq rəsmiləşdirilib.

 

 

Dünya 2024-03-27 15:12:00