×
A
A
A
Sazlamalar

Gənclərdən maraqlı təşəbbüs: Təlim proqramının iştirakçıları Aprel qazisinin evində təltif ediliblər

Gəncə, 23 aprel, Rauf Hacıyev, AZƏRTAC

“Odlar Yurdu” Gənclər İctimai Birliyi maraqlı təşəbbüslə çıxış edib. Birlik “Gənclərin sahibkarlıq fəaliyyətinə təşviqi” çərçivəsində həyata keçirdiyi “Mini MBA-hər kəs üçün” proqramının iştirakçılarının təltifetməsini Aprel döyüşlərinin qazisi Arzu Allahverdiyevin evində keçirib.
Birliyin sədri Nigar Ələsgərova AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, bunun üçün birliyin üzvləri və proqram iştirakçıları Qəbələyə yollanıb, qazinin özü, ailə üzvləri və valideynləri ilə görüşüblər.
Bu cür təşəbbüsün həyata keçirilməsində məqsəd gəncləri Vətən uğrunda hər an canından keçməyə hazır olan qazilərimizlə tanış etmək, Azərbaycanın bütövlüyü naminə şərəflə vuruşmuş, fədakar insanların keçdiyi döyüş yolunu təbliğ etməkdir.
Layihənin rəhbəri və dərslərin əsas moderatoru, həmçinin informasiya texnologiyalarının idarə edilməsi üzrə ekspert Hamlet Məmmədov bu kimi proqramların gənclər arasında sahibkarlığın təşviq olunması, biznesin idarə edilməsi bacarıqlarının artırılmasında çox vacib olduğunu deyib. Həmçinin ölkə iqtisadiyyatında sahibkarlığın inkişaf etməsi üçün gənclərin iştirakı ilə kiçik biznes müəssisələrinin təsis edilməsinin olduqca vacib proses olduğu vurğulanıb.
Qeyd edilib ki, proqram tamamilə ödənişsiz həyata keçirilib və ümumilikdə, 20 gənc məzun olub. Peşəkar mütəxəssislər tərəfindən biznesin idarə edilməsi, sahibkarlıq fəaliyyəti, strategiya və innovasiya, marketinq araşdırmaları, maliyyə və risklərin idarə edilməsi üzrə keçirilən təlim-kurslarda iştirak edən gənclər biznesin idarə olunması istiqamətində vacib biliklərə yiyələniblər.

Regionlar 2018-04-23 18:04:00