×
A
A
A
Sazlamalar

Akademik Zərifə Əliyeva elmi fəaliyyəti ilə tibb sahəsinə mühüm töhfələr verib

Füzuli, 23 aprel, AZƏRTAC

Akademik Zərifə Əliyeva respublikamızda tibb elminin inkişafına mühüm töhfələr verərək, oftalmologiyanın aktual problemlərinə dair sanballı tədqiqatlar aparıb. Onun elmi-pedaqoji və ictimai fəaliyyəti həkimlərin yeni nəslinin yetişməsinə və Azərbaycanda oftalmologiya elminin inkişafına güclü təsir göstərib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikir Füzuli Dövlət Dram Teatrında görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 95-ci ildönümü ilə bağlı keçirilən elmi-praktik konfransda səsləndirilib.
Füzuli Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Natiq Şükürov, rayon icra hakimiyyəti başçısının müavini Gülbahar Eyvazova və başqaları çıxış edərək, Zərifə Əliyevanın mənalı və şərəfli ömür yolundan, zəngin elmi fəaliyyəti və qazandığı uğurlardan danışıblar. Bildirilib ki, görkəmli alim bütün ömrünü ölkəmizdə oftalmologiya sahəsinin inkişafına, peşə ilə əlaqədar sonradan əmələ gələn göz xəstəliklərinin müalicəsinə həsr edib. Gözdə traxoma xəstəliyinin müalicəsinə, oftalmologiyanın müasir problemlərinə dair bir çox tədqiqatlar aparan görkəmli oftalmoloq alim 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi işin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifidir. Yüksək ixtisaslı səhiyyə kadrları hazırlanmasında böyük xidmətləri olmuş Zərifə xanımın elmi fəaliyyəti bütünlükdə ölkənin tibb sahəsi üçün mühüm töhfələr verib.
Füzuli Müalicə Diaqnostika Mərkəzində də akademik Zərifə xanım Əliyevanın anadan olmasının 95-ci ildönümü münasibətilə tədbir keçirilib.
Diaqnostika Mərkəzinin baş həkimi Cümşüd Məmmədov və başqaları çıxış edərək, görkəmli oftalmoloq alimin ömür yolundan, pedaqoji və həkimlik fəaliyyətindən danışıb, oftalmologiya sahəsində misilsiz xidmətləri barədə məlumat veriblər. Çıxışlarda akademik Zərifə xanım Əliyevanın xatirəsinin xalqımızın yaddaşından heç vaxt silinməyəcəyi vurğulanıb.

Regionlar 2018-04-23 17:40:00