×
A
A
A
Sazlamalar

Yerevanda onlarla hərbçi etiraz aksiyalarına qoşulub

Bakı, 23 aprel, AZƏRTAC

Yerevanda onlarla hərbçi sabiq prezident Serj Sarkisyanın baş nazir postuna seçilməsinə etiraz edən aksiya iştirakçılarına qoşulub.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, respublikanın Müdafiə Nazirliyi müxalifətin mitinqlərində iştirak edən hərbçilərə qarşı tədbirlər görüləcəyini və onların cəzalandırılacağını bildirib. Bu gün bərpa olunan etiraz aksiyaları eyni vaxtda bir neçə qrup tərəfindən keçirilir. Yürüşlərdən biri Yerevan Dövlət Universitetinin qarşısından başlayıb.
Xatırladaq ki, etiraz aksiyalarının liderləri Armen Qriqoryan və David Sanasaryan aprelin 21-də, deputatlar Nikola Paşinyan, Sasun Mikaelyan və Ararat Mirzoyan isə aprelin 22-də həbs edilib.
Bu saatlarda Nikol Paşinyanın və Ararat Mirzoyanın azad edildiyi bildirilir. Onlar polis nəzarətindən buraxılan kimi mitinqlərə qoşulublar.
Serj Sarkisyanın Ermənistanın baş naziri postuna seçilməsi əleyhinə keçirilən etiraz aksiyaları aprelin 13-dən başlayıb. Müxalifət Sarkisyanı ölkəni qeyri-effektiv idarə etməkdə və iqtisadi vəziyyətin pisləşməsində ittiham edir. Aprelin 16-da parlament binasına tərəf yürüş edən mitinq iştirakçıları ilə polis arasında baş verən toqquşmalarda onlarla insan xəsarət almışdı. Bundan sonra etirazçılar Ermənistanda “məxməri inqilabın” başlandığını elan etmişdilər.

Dünya 2018-04-23 16:04:00