×
A
A
A
Sazlamalar

Asiya İnkişaf Bankının ölkə üzrə Diaqnostik Tədqiqatının ilkin nəticələri müzakirə olunub

Bakı, 20 aprel, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ölkəmizdə səfərdə olan Asiya İnkişaf Bankının (AİB) missiyası ilə görüş olub. Görüş AİB-in respublikamızda inklüziv və dayanıqlı inkişafla əlaqədar ölkə üzrə Diaqnostik Tədqiqatının ilkin nəticələrinin müzakirəsi məqsədi daşıyıb.
AZƏRTAC xəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini vəzifəsini icra edən İdris İsayev diqqətə çatdırıb ki, Dünya İqtisadi Forumunun “İnklüziv İnkişaf İndeksi 2018”də Azərbaycanın inkişaf etməkdə olan ölkələr sırasında ilk üçlükdə, MDB məkanında isə birinci yerdə qərarlaşması bu sahədə respublikamızın uğurlarına beynəlxalq səviyyədə də yüksək qiymət verildiyini göstərir. Qeyd olunub ki, respublikamızın perspektiv inkişaf hədəfləri də məhz inklüziv inkişafa əsaslanır və “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol xəritələri”ndə də bu amil aydın şəkildə əksini tapıb.
Ölkəmizdə əmək bazarı, məşğulluq sahəsində də inklüzivliyin, bərabər imkanların təmin edildiyini bildirən nazir müavini əmək ehtiyatlarından səmərəli istifadə olunmasının, məşğulluq səviyyəsinin artırılmasının, layiqli iş yerlərinin yaradılması yolu ilə inklüziv inkişafa nail olunmasının Azərbaycanın ümumi inkişafının əsas prioritetlərindən olduğunu qeyd edərək bildirib ki, qeyri-neft sektorunun, o cümlədən regionların, kənd təsərrüfatının inkişafının, sahibkarlığın genişlənməsinin stimullaşdırılması üçün kompleks tədbirlər yeni iş yerlərinin açılmasının daimi xarakter alması, əmək resurslarının səmərəli məşğulluq imkanlarının artırılması ilə müşahidə olunur. Əmək qabiliyyətli yaşda olan əhalinin ümumi əhalinin 63 faizini təşkil etdiyi, hər il orta hesabla 80-100 min gəncin əmək bazarına daxil olduğu ölkədə işsizliyin aşağı səviyyədə saxlanılması və əmək bazarında sabitliyin davam etməsi də aparılan fəal məşğulluq siyasətinin nəticəsidir.
O, aktiv əmək bazarı tədbirlərinin genişləndirilməsi, dəstəyə ehtiyacı olan əhali qruplarının əmək bazarına inteqrasiyasının gücləndirilməsi sahəsində aparılan işləri diqqətə çatdırıb, son illərdə sosial müdafiə siyasətinin aktiv tədbirlərə üstünlük verilməklə daha da təkmilləşdirildiyini vurğulayıb.
Nazir müavini vəzifəsini icra edən AİB-lə ölkəmiz arasında fəal əməkdaşlığın mövcud olduğunu və onun Təşkilatın 2014-2018-ci illər üzrə “Ölkə tərəfdaşlıq strategiyası” çərçivəsində davam etdirildiyini bildirib, Strateji Yol xəritələrində nəzərdə tutulan inklüziv və dayanıqlı inkişaf üzrə hədəflərə doğru aparılan siyasətin dəstəklənməsi məqsədilə AİB-in müvafiq mövzuda araşdırmalarının, ölkə üzrə Diaqnostik Tədqiqat həyata keçirməsinin əhəmiyyətindən də bəhs edib.
Missiyanın rəhbəri, AİB-in iqtisadi təhlil və əməliyyatlara dəstək şöbəsinin direktoru Edimon Ginting Azərbaycanda inklüziv inkişafın təmin olunması sahəsində aparılan siyasətdə hər kəs üçün səmərəli məşğulluq imkanlarının yaradılması, inklüziv əmək bazarının inkişaf etdirilməsi prinsiplərinin də üstünlük təşkil etməsinin təqdirəlayiq olduğunu qeyd edib. O, ölkə üzrə Diaqnostik Tədqiqatda məşğulluq siyasəti və əmək bazarına dair araşdırmaların da yer aldığını bildirib, bu sahədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə aparılan müzakirələrin, nazirlik tərəfindən verilən rəy və təkliflərin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.
Görüş ölkə üzrə Diaqnostik Tədqiqatın ilkin nəticələrinə, inklüziv inkişaf şəraitində məşğulluq və sosial müdafiə siyasətinə dair müzakirələrlə davam edib.

 

Sosial 2018-04-20 15:16:00