×
A
A
A
Sazlamalar

Azərbaycanda ilk dəfə Sərbəst Satış Sertifikatının verilməsinə başlanılıb

Bakı, 19 aprel, AZƏRTAC

Azərbaycanda ilk dəfə Sərbəst Satış Sertifikatının verilməsinə başlanılıb.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən (İİTKM) AZƏRTAC-a bildirilib ki, İİTKM-də “Azexport” portalı vasitəsilə Sərbəst Satış Sertifikatı təqdim olunub. “Azexport” portalının rəhbəri Zaur Qardaşov bildirib ki, Sərbəst Satış Sertifikatı beynəlxalq ticarətdə nisbətən yeni tətbiq olunan nəzarət tənzimləmə mexanizmidir. “Sertifikat bir çox ölkələrdə icbari xarakter daşıyır və insan orqanizmi ilə təmasda olan qida, kosmetika, tekstil, tibbi cihazlar, gigiyenik vasitələr və s. məhsulların dövriyyəsində təhlükəsizliyin təmin edilməsi üçün tətbiq edilir”.
Qeyd edək ki, “Azexport” portalının fəaliyyəti çərçivəsində müəyyən olunub ki, Azərbaycan məhsullarının bir çox ölkələrə ixracı üçün Sərbəst Satış Sertifikatının (“Free sales certificate”) olması zəruridir. Portal bu istiqamətdə bir sıra araşdırmalar aparıb və təkliflər verib.
Sertifikatın verilməsi üçün tələb olunan sənədlərə şirkətin qeydiyyat şəhadətnaməsi, sərbəst satış sertifikatı tələb olunan malların siyahısı, keyfiyyət sertifikatı, malların uyğunluq sertifikatı, (qanunla nəzərdə tutulduğu halda) malların istehsalı üçün lisenziya, beynəlxalq eyniləşdirmə nömrəsi - barkod (əgər varsa), ölkə ərazisində malların satışının təsdiqi (2-3 müştəriyə, faktura, çek və ya vergi hesab-faktura) daxildir.
Sertifikatı verən orqan bu və ya digər məhsulun ölkə daxilində sərbəst dövriyyədə (satışda) olduğunu həmin sertifikatla təsdiqləyir. Təsdiqləmə üçün məhsula ölkə daxilində müxtəlif qurumlar tərəfindən verilmiş sertifikatların (keyfiyyət, gigiyenik, uyğunluq və sair) və məhsulun hazırda bir neçə ticarət şəbəkəsində satışda olmasını təsdiq edən sənədlərin olması kifayət edir. Sertifikatın verilməsi üçün əlavə heç bir laboratoriya testləri tələb olunmur.
Zaur Qardaşovun sözlərinə görə, sertifikatın mahiyyəti həm də ondan ibarətdir ki, hökumət tərəfindən ölkədə sertifikatı verən rəsmi orqan müəyyən edilir. Azərbaycanda bu rəsmi orqan Prezidentin Sərəncamına uyğun olaraq, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi təyin edilib.
Azərbaycan, MDB məkanında bu tip sertifikatı təqdim edən 3-cü ölkədir. Sərbəst Satış Sertifikatının verilməsi Azərbaycan şirkətlərinə əvvəllər ixracı mümkün olmayan 100-dən çox ölkənin bazarlarını açıq edir. Bu gün sertifikatın təqdim edildiyi dörd şirkət – “Gazelli Group”, “Apiaz MMC” (“Ballı” brendi ), “Aznar” QSC, “Brightman” MMC (“ZIRA” brendi) - bu sertifikat sayəsində öz məhsullarının ərəb ölkələri və ABŞ bazarına ixracını reallaşdırır.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin fəaliyyətinin məqsədi ölkənin dayanıqlı iqtisadi inkişafının təmin edilməsi istiqamətində makro və mikroiqtisadi səviyyədə təhlil və tədqiqatlar aparmaqla, analitik məlumatlar əsasında iqtisadi islahatların həyata keçirilməsi üçün təkliflər, habelə orta və uzun müddətli dövr üçün proqnozlar hazırlamaqdan, dövlət orqanlarını və qurumlarını həmin proqnozlarla təmin etməkdən, həmçinin iqtisadiyyatın müxtəlif sahələrində Azərbaycan Respublikasının nailiyyətlərinin təbliğini təşkil etməkdən ibarətdir.

Biznes 2018-04-19 16:00:00