×
A
A
A
Sazlamalar

“Made in Uzbekistan Online” biznes forumunun açılışı olub

Bakı, 8 iyun, AZƏRTAC

Azərbaycan sahibkarları ilə Özbəkistanın ixracatçı təşkilatları arasında onlayn formatlı “Made in Uzbekistan Online” biznes forumunun açılışı olub.
“Caspian Event Organisers” (“CEO”) şirkətindən AZƏRTAC-a bildirilib ki, Özbəkistanın Xarici İşlər nazirinin müavini Şerzon Asadov, bu ölkənin Azərbaycandakı səfiri Baxrom Aşrafxanov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) idarə heyəti sədrinin müavini Rüfət Atakişiyev, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) İnvestisiyaların təşviqi departamentinin direktoru Zöhrab Qədirov, “Uztekstilprom” Assosiasiyasının sədri İlhom Haydarov, Özbəkistanın İnvestisiya və Xarici Ticarət Nazirliyinin İxracın Təşviqi Agentliyinin direktoru Uluqbəy Muradov, Sahibkarlığın İnkişafı Agentliyinin direktor müavini Botir Əhmədov, “Uzbekozikovkatholdinq”in qida məhsullarının marketinqi və ixrac təchizatlarının təşkili idarəsinin rəhbəri Bahodir Yunisov çıxış edərək iyunun 9-12-də keçiriləcək biznes forumun hər iki ölkənin pandemiya şəraitində biznesin dəstəyi üçün faydalı alət olduğunu qeyd ediblər.
“Bu tədbirin əlamətdar cəhəti yeni tip koronavirusun yayılması nəticəsində beynəlxalq ictimaiyyətin və dünya iqtisadiyyatının üzləşdiyi problemlərə layiqli cavabı təmin etməsidir. Həmçinin sevindirici haldır ki, forum Özbəkistan və Azərbaycan tərəfindən qarşılıqlı dialoqun davamlılığını təmin etmək üçün bütün mövcud imkanlardan istifadə olunduğunu əyani və inamlı şəkildə nümayiş etdirir”, - deyə Özbəkistanın Xarici İşlər nazirinin müavini B.Əsədov diqqətə çatdırıb.
Səfir B.Əşrəfxanov bildirib ki, sərgi və sənaye yarmarkalarında iştirak etməmək sahibkar, istehsalçı və məhsul ixracatçılarının planlarına çox böyük ziyan vurur. Məhz sərgilərdə təqdim olunan malları birbaşa görmək mümkündür və bu da onların sürətlə satılmasına və ya potensial alıcılar ilə uzunmüddətli əlaqələrin qurulmasına kömək edir. Bu onlayn biznes forum isə fasiləsiz dialoqun təmin olunmasına kömək edir. Çünki sahibkarların ünsiyyəti bu gün bununla bitməyəcək, onlayn görüşlərdən sonra iş adamları oflayn rejimdə öz münasibətlərini daha da inkişaf etdirə biləcəklər.
KOBİA-nın idarə heyəti sədrinin müavini R.Atakişiyev deyib: “Biznes forum hər iki ölkənin işgüzar dairələri arasında əlaqələrin genişləndirilməsi baxımından mühüm rol oynayacaq. Çünki Azərbaycan və Özbəkistan şirkətləri qarşılıqlı əməkdaşlığa maraq göstərir. Biz dövlət strukturlarının rolunu yeni əlaqələrin səmərəli və vaxtlı-vaxtında koordinasiya olunmasında görürük”.
Forum iyunun 9-da işini davam etdirəcək. Biznes forumda Özbəkistanın ixracyönümlü məhsullarının 57 istehsalçısı, eləcə də Azərbaycanın 60-dan çox sahibkarı iştirak edəcək. İşgüzar “B2B” görüşlər çərçivəsində özbək şirkətləri öz məhsullarını təqdim edəcək, Azərbaycan şirkətləri isə öz biznesləri üçün yeni imkanlar tapa biləcəklər.
Biznes forumun proqramına iqtisadiyyatın bir sıra sahələri üzrə görüşlər daxildir:
- qida sənayesi və kənd təsərrüfatı - 9 iyun
- maşınqayırma və dağ-mədən sənayesi - 10 iyun
- yüngül sənaye - 11 iyun
- elektrotexnika - 12 iyun.
“Caspian Event Organisers” şirkəti tərəfindən bu növ tədbirlər üçün xüsusi olaraq işlənib hazırlanmış proqram sayəsində bütün onlayn görüşlər tam avtomatlaşdırılmış platformada həyata keçiriləcək. Bu proqram şirkətlərə potensial tərəfdaşlar ilə müstəqil şəkildə görüş təyin etmək və bu görüşü öz şəxsi virtual kabinetlərində keçirmək üçün imkan yaradır.
Forumda iştirak etmək istəyən şəxslər aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər: https://b2b.ceo.az/welcome.htm
Biznes forum Özbəkistanın ölkəmizdəki səfirliyi ilə birlikdə Özbəkistanın İnvestisiya və Xarici Ticarət Nazirliyinin İxracın Təşviqi Agentliyi, AZPROMO, KOBİA və “CEO” şirkəti tərəfindən təşkil olunub.

 

Biznes 2020-06-08 17:52:00