×
A
A
A
Sazlamalar

Xocalı rayonundan olan 1067 məcburi köçkün Gəncədə tibbi müayinədən keçib

Gəncə, 25 fevral, Rauf Hacıyev, AZƏRTAC
Gəncə şəhəri Yeni qəsəbə - 2-də yaşayan, Xocalı rayonundan olan məcburi köçkünlər və qəsəbə sakinləri üçün icbari tibbi müayinələr təşkil olunub.
Tibbi profilaktik baxış üçün avadanlıq və aparatlarla təminata, səyyar rentgenoflüoroqrafik, ultrasəslə müayinəyə (USM), elektrokardioqrafik (EKQ) və laborator müayinələrin aparılmasına, terapevt, pediatr, cərrah, uşaq cərrahı, nevropatoloq, oftalmoloq, infeksionist, ftiziatr, LOR-həkim, endokrinoloq, onkoloq, dermatoveneroloq, stomotoloq, mama-ginekoloq və digər ixtisasdan olan həkimlərin cəlb edilməsinə xüsusi diqqət ayrılıb.
Gəncə şəhər Səhiyyə İdarəsinin rəisi, professor Əlikram Məmmədov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, 1067 nəfərdən çox qəsəbə sakininə müayinələr edilib və məsləhətlər verilib.
Səyyar rentgenoflüoroqrafik müayinələrin sayı 647, elektrokardioqrafik 114, ultrasəslə müayinələrin sayı 98, laborator müayinələrin sayı 238 olub. Qəsəbə sakinlərindən 6 nəfəri evində konsilium edilib, 98 şəxsə ambulator müalicə təyin olunub, 14 şəxs stasionar müayinə və müalicə üçün Gəncə şəhərinə dəvət edilib. Xocalı rayonundan olan məcburi köçkünlər və qəsəbənin sakinləri Prezident İlham Əliyevin göstərişi ilə həyata keçirilən icbari tibb müayinələr üçün dövlətimizin başçısına öz minnətdarlıqlarını ifadə ediblər.
Gəncə şəhər Səhiyyə İdarəsinin rəisi, professor Əlikram Məmmədov müayinələr zamanı sakinlərə maarifləndirici təlim də keçib.

Regionlar 2018-02-25 12:05:00