×
A
A
A
Sazlamalar

Xocalı soyqırımı təkcə Azərbaycan xalqına qarşı deyil, həm də bütün insanlığa qarşı yönəlib

Sumqayıt, 24 fevral, Ətrabə Rzayeva, AZƏRTAC
Qubadlı rayonunun idarə, müəssisə və təşkilatlarında Xocalı faciəsinin 26-cı ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilir.
AZƏRTAC xəbər verir ki, fevralın 24-də Qubadlı rayon Bəhmən Mehdiyev adına şəhər 2 saylı tam orta məktəbdə keçirilən növbəti tədbirdə rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir qanlı faciəni əks etdirən videoçarxın nümayişi ilə başlayıb.
Çıxışlarda bildirilib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri, Dağlıq Qarabağ ərazisindəki ermənilərin qeyri-qanuni silahlı dəstələri keçmiş SSRİ-nin Xankəndində yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətinin və hərbi texnikasının bilavasitə iştirakı ilə Xocalı şəhərinə hücuma keçərək, Azərbaycan xalqına qarşı soyqırımı həyata keçiriblər. Bu, təkcə Azərbaycan xalqına qarşı deyil, həm də bütün insanlığa qarşı yönəlmiş müdhiş cinayətdir. Xocalı soyqırımı nəticəsində şəhərin 5379 nəfər əhalisi deportasiyaya məruz qalıb, 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın vəhşicəsinə qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 1275 nəfər əsir və girov götürülüb. Girov götürülənlərdən 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil. Ermənistan silahlı birləşmələri tərəfindən Xocalı şəhərinin işğal edilməsi ilə əlaqədar Azərbaycan dövlətinə və vətəndaşlarına 170 milyon ABŞ dollarından artıq ziyan vurulub.
Dünyanın gözü qarşısında baş verən bu dəhşətli soyqırımının əsl mahiyyəti yalnız ümummilli lider Heydər Əliyev 1993-cü ildə siyasi hakimiyyətə yenidən qayıtdıqdan sonra açıqlanıb, 1994-cü ilin fevralında Azərbaycanın Milli Məclisi Xocalı soyqırımına siyasi-hüquqi qiymət verib.
Vurğulanıb ki, bu gün Azərbaycan həqiqətlərinin, o cümlədən Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması istiqamətində mühüm işlər görülür. Bu baxımdan Heydər Əliyev Fondunun gördüyü işlər olduqca təqdirəlayiqdir. Hazırda Heydər Əliyev Fondunun ayrı-ayrı ölkələrdə geniş miqyasda təşkil etdiyi və faciə həqiqətlərinin yayılmasına yönəlmiş anım tədbirləri, 60-dan çox ölkədə yüzlərlə könüllünün iştirakı ilə uğurla davam etdirilən "Xocalıya ədalət!" beynəlxalq informasiya və təşviqat kampaniyası da bu işə öz töhfəsini verməkdədir. Artıq bir sıra beynəlxalq təşkilatlar, parlamentlər qəbul etdiyi sənədlərdə Xocalı qətliamını soyqırımı, Ermənistanı isə işğalçı dövlət kimi tanıyır.
Sonda “Xocalı soyqırımı”na həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş olunub.

Regionlar 2018-02-24 16:40:00