×
A
A
A
Sazlamalar

Ölkə Prezidentinin son sərəncamları ilə ümumilikdə 560 minə yaxın şəxsin müavinətləri artırılacaq

Bakı, 24 fevral, AZƏRTAC

Ölkə Prezidenti İlham Əliyevin fevralın 23-də imzaladığı “Sosial müavinətlərin məbləğinin artırılması haqqında”, “Beşdən çox uşağı olan qadınlara verilən müavinətin məbləğinin artırılması haqqında” və “Uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyətdə olanlara verilən müavinətin artırılması haqqında” sərəncamları sosial təminat sisteminin gücləndirilməsi, sosial cəhətdən həssas əhali qruplarına dövlət qayğısının artırılması sahəsində növbəti addımdır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Sərəncamla yaşa görə, ümumi xəstəlik, ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi, 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar, hərbi xidmət dövründə xəstələnmə, əmək zədəsi və peşə xəstəliyi, hərbi əməliyyatlar keçirilən zonada olmaqla, hərbi xidmət vəzifələrini yerinə yetirməklə, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar, Çernobıl AES-də hərbi xidmətlə əlaqədar səbəblərdən əlilliyə görə, ailə başçısını itirməyə görə sosial müavinət alanlara, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara, müharibə veteranlarına, aztəminatlı (ünvanlı dövlət sosial yardımı alan) ailələrdəki 1 yaşınadək uşaqlara, müharibə əlilləri və onlara bərabər tutulanların, şəhid ailələrinin və müddətli hərbi xidmət qulluqçularının uşaqlarına və qanunvericilikdə nəzərdə tutulan digər kateqoriyalara aid şəxslərə təyin olunan aylıq sosial müavinətlərin məbləği 2018-ci il martın 1-dən orta hesabla 10 faiz artırılacaq.
Uşağın doğulmasına görə, radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə hər il müalicə üçün, dəfn üçün verilən birdəfəlik müavinətlərin də növbəti ayın 1-dən orta hesabla 10 faiz artırılması təmin ediləcək.
“Beşdən çox uşağı olan qadınlara verilən müavinətin məbləğinin artırılması haqqında” Sərəncam beşdən çox uşağı olan qadınların sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədinə xidmət edir. Sərəncama əsasən həmin qadınlara hər bir uşağa görə təyin olunan müavinətin, “Uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyətdə olanlara verilən müavinətin artırılması haqqında” Sərəncamla isə uşağa qulluğa görə onlara verilən müavinətin məbləği növbəti aydan 10 faiz artırılacaq.
“Uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyətdə olanlara verilən müavinətin artırılması haqqında” Sərəncamla 2018-ci il martın 1-dən bir yaş yarımadək uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyətdə olanlara verilən aylıq müavinətin məbləği 10 faiz artırılaraq 44 manat, bir yaş yarımdan üç yaşınadək uşağa qulluğa görə isə həmin müavinətin məbləği 10 faiz artırılaraq 27,5 manat miqdarında müəyyən edilib. Hər üç Sərəncam aylıq və birdəfəlik sosial müavinət alanlardan ibarət olmaqla, ümumilikdə 560 minə yaxın şəxsə şamil olunacaq. “Sosial sığorta haqqında” Qanuna uyğun olaraq sığortaolunanlara üç yaşınadək uşağa qulluğa, uşağın anadan olmasına görə və dəfn üçün müavinətlər məcburi dövlət sosial sığorta vəsaitləri hesabına, digər şəxslərə münasibətdə sosial müavinətlər isə dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.
Sosial müavinətlərə müvafiq artımın edilməsi üçün dövlət büdcəsindən ilin sonunadək təqribən 23,2 milyon, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun büdcəsindən 1,7 milyon manata qədər əlavə vəsaitin ayrılması təmin olunacaq.

 

Sosial 2018-02-24 15:37:00