×
A
A
A
Sazlamalar

Masallının Şıxlar kəndinə təbii qaz verilib

Bakı, 24 fevral, AZƏRTAC

Masallı rayonunun Şıxlar kəndi ilk dəfə “mavi yanacaq”la təmin olunub.
SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyindən AZƏRTAC-a bildirilib ki, “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası istiqamətində birlik tərəfindən respublika ərazisində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması, həmçinin uzun müddət təbii qaz almayan yaşayış məntəqələrinin yenidən “mavi yanacaq”la təmin edilməsi istiqamətində görülən məqsədyönlü tədbirlər nəticəsində respublikanın qaz təchizatı şəbəkəsi genişləndirilir və müasirləşdirilir. Bu məqsədlə fevralın 24-də Masallı rayonunun Şıxlar kəndinə təbii qazın verilməsi kənd sakinlərinin böyük sevincinə səbəb olub.
Tədbirdə “Azəriqaz” İB-nin baş direktoru Əkbər Hacıyev, Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov və ictimaiyyət nümayəndələri iştirak ediblər. Bildirilib ki, ümumilikdə 781 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 67 min 882 metr olan müxtəlif diametrli polad və polietilen borularla daşıyıcı, həmçinin məhəllədaxili qaz xətləri çəkilib, hər bir mənzilə sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Hazırda rayonun Qodman kəndində tikinti quraşdırma işləri davam etdirilir. Yaxın günlərdə tikintisi başa çatdırılaraq yaşayış məntəqəsinə təbii qazın verilişi təmin olunacaq.
“Azəriqaz” İB-nin baş direktoru Əkbər Hacıyev bu əlamətdar hadisə münasibəti ilə kənd sakinlərini təbrik edib, son illər ölkənin hər yerində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində görülmüş məqsədyönlü tədbirlərdən danışıb. Qeyd edib ki, təbii qaz almayan yaşayış məntəqələrinin sürətli templərlə “mavi yanacaq”la təmin olunması xalqımızın rifah halının daha da yaxşılaşmasına xidmət edir. Prezident İlham Əliyevin ölkənin qazlaşdırılması proqramının icrasını daim diqqət mərkəzində saxladığını bildirən birliyin baş direktoru bu sahədə həyata keçirilən işlərin bundan sonra da davam etdiriləcəyini vurğulayıb.
İctimaiyyət nümayəndələri kəndə təbii qazın verilməsinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.
Yaşayış məntəqəsinə təbii qazın verilməsini bildirən rəmzi məşəl alovlandırıldıqdan sonra “Azəriqaz” İB-nin baş direktoru yaxınlıqdakı evlərdən birinin mətbəxində olub, ev sahiblərini təbrik edib, əhalinin qazla davranış və təhlükəsizlik qaydaları üzrə maarifləndirilməsi işləri ilə maraqlanıb.

Regionlar 2018-02-24 14:24:00