×
A
A
A
Sazlamalar

Gənclər Təşkilatları Milli Şurası Xocalı soyqırımı ilə bağlı yeni aksiyaya start verib

Bakı, 23 fevral, AZƏRTAC

Gənclər Təşkilatları Milli Şurası (GTMŞ) Xocalı faciəsinin 26-ci ildönümü ilə bağlı yeni kampaniyaya start verib.
GTMŞ-dən AZƏRTAC-a bildiriblər ki, kampaniyanın məqsədi Xocalı faciəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırmaq və gənclər arasında məlumatlılığı artırmaqdır.
Kampaniya ərzində faciə ilə bağlı Azərbaycan, rus, ingilis, fransız, italyan, ivrit və Çin dillərində məlumatları əks etdirən tvitlərdən ibarət elektron baza yaradılıb. Paylaşımlar zamanı #justiceforkhojaly və #khojalyonline həştəqlərindən istifadə olunaraq, sosial şəbəkələr vasitəsilə kütləvi çağırışlar ediləcək, soyqırımı ilə bağlı həqiqətləri əks etdirən fotoşəkillər və məlumatlar paylaşılacaq. Sosial şəbəkələrdə paylaşımlarla yanaşı, gənclər “Facebook”da örtük şəkli və e-poçt ünvanlarında imza bölməsində bannerdən istifadə edəcəklər. Fəaliyyət çərçivəsində, həmçinin “Facebook”da gənclər öz profil şəkillərində “Justice for Khojaly” adlı çərçivəni tətbiq edərək kampaniyaya dəstək olacaqlar.
Xocalı soyqırımı ilə bağlı Azərbaycan, rus, ingilis, ərəb və alman dillərində hazırlanmış bəyannaməni gənclər www.khojaly.nayora.az səhifəsindən yükləyib öz adlarından və ya təmsil etdikləri qurumun adından beynəlxalq təşkilatlara və xarici ölkələrin səfirliklərinə, parlamentlərinin üzvlərinə, gənclər təşkilatlarına göndərəcəklər. Bəyannamədə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Xocalı şəhərinin işğal edilməsi və dinc sakinlərin qətlə yetirilməsi qeyd olunub.
Kampaniyaya qoşulmaq istəyən şəxslər www.khojaly.nayora.az səhifəsinə daxil olaraq təlimatlarla tanış ola bilərlər.
Xatırladaq ki, kampaniya Şuranın “Xətdə” proqramı çərçivəsində təşkil olunur. Bu, Gənclər və İdman Nazirliyi və GTMŞ tərəfindən gənclərin sosial şəbəkələrdən düzgün istifadə etməsinə, internetdə Azərbaycan maraqlarının təbliğinə cəlb olunmasına yönələn uzunmüddətli proqramdır. Bu günə qədər proqram çərçivəsində Azərbaycanın maraqlarının müdafiəsi məqsədi ilə uğurlu və genişmiqyaslı “Creatweet”, "Retweet”, “31 mart – Azərbaycanlılarının Soyqırım Günü” və “Xocalıya ədalət!” kampaniyasına dəstək məqsədilə müxtəlif aksiya və kampaniyalar reallaşdırılıb. Proqram çərçivəsində, həmçinin “xetde.az” elektron portalı yaradılıb. Portalın məqsədi Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində sosial şəbəkələrdə fəallığın artırılmasıdır.

Sosial 2018-02-23 20:10:00