×
A
A
A
Sazlamalar

İsmayıllı rayonunun Kürdmaşı kəndində “Təhlükəsiz və möhkəm icmaların qurulması” layihəsi çərçivəsində simulyasiya təlimi aparılıb

Bakı, 23 fevral, AZƏRTAC

Azərbaycan Qızıl Aypara Cəmiyyəti Avstriya İnkişaf Agentliyi və Avstriya Qızıl Xaç Cəmiyyətinin dəstəyi ilə 2015-ci ilin dekabrından etibarən “Təhlükəsiz və möhkəm icmaların qurulması” layihəsinin ikinci mərhələsini yerinə yetirməyə başlayıb.
Cəmiyyətin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, İsmayıllı və Qusar rayonlarında aparılan layihənin əsas məqsədi şəhər və kənd icmalarının yaradılması və onların vasitəsi ilə fövqəladə hallara hazırlıq və cavabvermə sahəsində potensialın gücləndirilməsi və əhalinin maarifləndirilməsindən ibarətdir.
“Təhlükəsiz və möhkəm icmaların qurulması” layihəsi çərçivəsində İsmayıllı rayonunun Kürdmaşı kənd orta ümumtəhsil məktəbində rayon icra hakimiyyətinin dəstəyi və Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının iştirakı ilə birgə təxliyyə, axtarış, xilasetmə və ilk yardıma dair simulyasiya tədbiri keçirilib. Simulyasiya planına uyğun olaraq şagirdlər həyəcan siqnalından sonra məktəb binasından təxliyyə edilərək şərti xəsarət alan şagirdlərə ilk yardım və psixoloji dəstək göstərilib. Binanı tərk edə bilməyən şagirdlər isə FHN-in əməkdaşları tərəfindən “xilas ediliblər”.
Təlim başa çatandan sonra iştirakçılar xatirə şəkli çəkdiriblər.

Sosial 2018-02-23 17:55:00