×
A
A
A
Sazlamalar

“Şəhid şəhər” uşaq rəsm müsabiqəsinin yekun sərgisi açılıb

Bakı, 23 fevral, AZƏRTAC

Fevralın 23-də Xətai Sənət Mərkəzində Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunmuş “Şəhid şəhər” uşaq rəsm müsabiqəsinin yekun sərgisi açılıb.
AZƏRTAC xəbər verir ki, rəsm müsabiqəsi Mədəniyyət və Turizm Nazirliliyi, Dövlət Rəsm Qalereyası, Azərbaycan Rəssamlar İttifaqı, Xətai Rayon İcra Hakimiyyəti və Xətai Sənət Mərkəzinin birgə təşkilatçılığı ilə gerçəkləşib.
Tədbirdə Dövlət Rəsm Qalereyasının direktoru Qalib Qasımov və Xətai Rayon İcra Hakimiyyətin başçısının müavini Jalə Abdıyeva çıxış edərək müsabiqənin əhəmiyyətindən danışıblar.
Bildirilib ki, müsabiqədə respublikanın müxtəlif bölgələrindən olmaqla 15 yaşadək uşaqlar iştirak edib. Müsabiqəyə təqdim edilən işlərdə mövzu və düzgün kompozisiyaya üstünlük verilib. Ən çox uşaqların öz duyğu və düşüncələri ilə işləmiş olduğu əsərləri seçilib.
Qeyd edilib ki, müsabiqənin keçirilməsində məqsəd Azərbaycan tarixinin ən dəhşətli və faciəvi səhifələrdən biri olan Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək və qan yaddaşımıza əbədi həkk olunmuş soyqırımı hadisəsini unutdurmamaqdır.
Müsabiqəyə 450-yə yaxın uşaq, 800-dən çox əsərlə qatılıb. Yekun sərgidə 170 uşağın, 180-ə yaxın işi nümayiş edilib.
Sonda qaliblər diplom və təşəkkürnamə ilə təltif olunublar.

İncəsənət 2018-02-23 16:57:00