×
A
A
A
Sazlamalar

Balakəndə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törədib qaçan sərxoş sürücü həbs edilib

Bakı, 23 fevral, AZƏRTAC

Balakən rayonu ərazisində yol-nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud surətdə pozaraq insan ölümünə səbəb olan və hadisə yerindən qaçan sürücünün istintaqa cəlb edilməsi istiqamətində rayonun polis və prokurorluq əməkdaşları tərəfindən təxirəsalınmaz tədbirlər həyata keçirilib.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, fevralın 19-da saat 23 radələrində Balakən rayon sakini Tural Əliyev sərxoş halda və nəqliyyat vasitəsini idarə etmə hüququ olmadan idarə etdiyi “VAZ 21154” markalı, 08-BJ-273 dövlət qeydiyyat nişanlı avtomobillə rayon ərazisində hərəkətdə olarkən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud surətdə pozaraq, yolu keçmək istəyən piyadalar Rəşad Haqverdiyevi və Rəfail İsayevi vuraraq hadisə yerindən qaçıb. Nəticədə müxtəlif dərəcəli bədən xəsarətləri alan R.Haqverdiyev və R.İsayev Balakən Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. R.İsayev aldığı xəsarətlərdən xəstəxanada vəfat edib.
Faktla bağlı Balakən Rayon Polis Şöbəsinin istintaq bölməsində Cinayət Məcəlləsinin 263-1.3-cü (sərxoş halda və nəqliyyat vasitəsini idarə etmə hüququ olmayan şəxs tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol-nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.
Aparılmış tədbirlər nəticəsində T.Əliyev tutularaq istintaqa cəlb olunub.
İş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilən T.Əliyevə Cinayət Məcəlləsinin həmin maddələri ilə ittiham elan olunub və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

Sosial 2018-02-23 12:22:00