×
A
A
A
Sazlamalar

Özbəkistan mətbuatı şeyxülislam Allahşükür Paşazadənin məqaləsini yayıb

Daşkənd, 23 fevral, АZƏRTAC
Özbəkistanın “Xalq sozi” və “Narodnoye slovo” qəzetləri, bu nəşrlərin internet portalları, həmçinin milli informasiya agentliyi (UZA) Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadənin böyükhəcmli məqaləsini özbək və rus dillərində dərc edib.
Məqalədə deyilir ki, Özbəkistan bütün İslam dünyası üçün xəzinədir. Müsəlman ruhanilərinin bir çox nəsli bu xəzinədən bəhrələnib. Bütün dünya müsəlmanları yekdilliklə deyilər ki, İslam Ərəbistanda meydana gəlsə də, Özbəkistan torpağında güc-qüvvət toplayıb. Əsrlərboyu İslam dünyasının gəncləri Səmərqəndə və Buxaraya təhsil almağa gəlib. Çünki bu şəhərlərdə dini təhsillə yanaşı, dünyəvi biliklər də öyrədilib.
“Mənim şeyxülislam kimi yetişməyimdə özbək xalqının, özbək torpağının böyük rolu var. Ateizmin hökm sürdüyü sərt dövrdə bu torpaq mənə yüksək mənəvi hissləri, tolerantlığı, insanları sevməyi aşılayıb”, - deyə Allahşükür Paşazadə məqalədə bildirir.
Həmçinin vurğulanır ki, Özbəkistan müstəqillik əldə etdikdən sonra xalqın qədim mənəvi dəyərlərində də oyanış baş verib. Müqəddəs kitabımız olan “Qurani-Kərim” Alauddin Mansurun tərcüməsində çap edilib. İmam Buxarinin, Burhanəddin Margilaninin, İmam Termezinin, Hakim Termezinin, Mahmud Zamaxşarinin, Bahauddin Nəqşibəndinin zəngin irsi xalqa qaytarılıb. Bu torpaqda yaşayan müqəddəslərin mavzoleyləri ilahiyyatçıların, zəvvarların, gənclərin və turistlərin ziyarət yerinə çevrilib. Səmərqənddə İmam Buxari adına Beynəlxalq Elmi-Tədqiqat Mərkəzi, Daşkənddə İslam Sivilizasiyası Mərkəzi yaradılıb. Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin “Özbəkistan İslam Akademiyasının yaradılması haqqında” qərarı bu sahədə aparılan işin məntiqi davamıdır. Şavkat Mirziyoyev bu akademiyanın yaradıcısı kimi qurumun ilk akademiki olmağa layiqdir.
Bildirilir ki, ötən ilin sentyabrında Daşkənddə “Özbəkistan və Azərbaycanın timsalında İslam həmrəyliyi” adlı beynəlxalq konfrans keçirilib. Tədbirdə Özbəkistan, Azərbaycan, Rusiya, Ukrayna, Türkiyə, Qırğızıstan, Tacikistan, Türkmənistan, Almaniya və digər dövlətlərdən alimlər və dini konfessiyaların nümayəndələri iştirak ediblər. Özbəkistan və Azərbaycan prezidentləri Şavkat Mirziyoyevin və İlham Əliyevin konfrans iştirakçılarına təbrik məktubunda İslam dininin sülh, sabitlik, tolerantlıq və həmrəylik dini olması xüsusi vurğulanıb.
Məqalənin sonunda Allahşükür Paşazadə deyir: “Mən əminəm ki, iki qardaş dövlətin liderləri - Şavkat Mirziyoyev və İlham Əliyev regionlarımızda sülhün və sabitliyin möhkəmlənməsi, xalqlarımız arasında dialoqun və əməkdaşlığın genişlənməsi üçün bundan sonra da əllərindən gələni əsirgəməyəcəklər.
Bu gün mən Allaha dua edirəm ki, ölkələrimiz daha da güclənsin, dövlətlərimiz arasında münasibətlər inkişaf etsin və möhkəmlənsin”.

Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd

Din 2018-02-23 08:13:00