×
A
A
A
Sazlamalar

ICESCO azadlıqlar və islami dəyərlər mövzusunda konfransa ev sahibliyi edib

Bakı, 25 avqust, AZƏRTAC

İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru Salim Əl-Malik təşkilatın baş ofisində İslam Universitetləri Liqasının təşkilatçılığı ilə keçirilən “Azadlıqların islami dəyərlərə və beynəlxalq hüquq prinsiplərinə uyğun olaraq tənzimlənməsi” mövzusunda keçirilən beynəlxalq konfransın açılış sessiyasında çıxışı zamanı insanların digər hüquqlardan istifadə etdikləri kimi, azadlıq hüququnun təmin edilməsi üçün birgə səylərin zəruriliyini vurğulayıb. O, dəyərlər və etika sistemini və azadlıq prinsiplərini təhdid edən metaverse və süni intellekt tətbiqləri ilə bağlı risklərə qarşı mübarizə aparmağa çağırıb və insanları texnologiyanın xeyrinə azadlıqlarını itirməkdən çəkindirib.
AZƏRTAC ICESCO-nun mətbuat üçün açıqlamasına istinadla xəbər verir ki, İslam ölkələrinin yüksək səviyyəli alimləri və dini liderləri, universitet rektorları, beynəlxalq hüquq üzrə ekspertlər və tədqiqatçıların iştirak etdiyi konfransda müsəlmanların İslamın ilk dövrlərində zillət və tabeçilikdən qurtulmağa çağıran dinimizin mesajını tam dərk etmələri və beləliklə, dünyanı ədalətlə idarə etdikləri vurğulanıb. Salim Əl-Malik qeyd edib ki, digər tərəfdən, insanların mədəni və sosial fərqlərini nəzərə almadan elmi və texniki inkişaf sivilizasiya şüurunu standartlaşdırmağa və Qərb təcrübəsini bütün bəşəriyyət üçün nümunə kimi göstərməyə çalışan vahid yanaşma heç də məqbul deyil. O, həmçinin bildirib ki, bəzi cahil ideoloji cərəyanların “Qurani-Kərim”ə hücum etməsinə imkan verən qərəzli kampaniyasına qarşı durmaq məqsədilə ICESCO hərtərəfli, dəqiq və ciddiliyi ilə seçilən “Onu anlamaq üçün oxu” təşəbbüsünü elan edib. Baş direktor bu acınacaqlı kampaniyalar qarşısında cavab verərək, İslam sivilizasiyasının əsl simasını, yaradıcılıq, incəlik və elm sivilizasiyasını işıqlandırmaq üçün qətiyyətli səylərə çağırıb.
İslam Universitetləri Liqasının prezidenti və Müsəlman Alimləri Təşkilatının sədri Şeyx Məhəmməd bin Əbdülkərim Əl-İssa müraciətində İslamın hüquq və azadlıqları təmin etdiyi üçün mənəvi azadlıqların nəzarətsiz qala bilməyəcəyini vurğulayaraq qeyd edib ki, dünyanın əksər ölkələrində insanlar cəhalətdən, materializmdən, kin və nifrətdən uzaq cəmiyyətin müxtəlif qrupları arasında ortaq dəyərlər çərçivəsində öz cəmiyyətlərində sülh və harmoniyanı bərqərar etməyə çalışırlar.
İslam Universitetləri Liqasının Baş katibi Sami əl-Şərif vurğulayıb ki, bu konfrans İslam dünyasında hüquq və azadlıqların təşviqi istiqamətində göstərilən ciddi səylər çərçivəsində keçirilir, çünki İslamda dini dəyərlər sistemi ümumi insanlığa xitab edir.
Konfransın sessiyalarında, həmçinin müxtəlif mövzular, o cümlədən azadlıq fəlsəfəsi və intellektual cərəyanlar, İslam nöqteyi-nəzərindən azadlıq anlayışı, beynəlxalq hüquq prinsipləri fonunda azadlıq, azadlıq anarxiyası və sivilizasiyalararası toqquşmanın alovlanması, fikir və ifadə azadlığının tənzimlənməsində aparıcı təşəbbüslər üzrə müzakirələr aparılıb.

Din 2023-08-25 17:19:00