×
A
A
A
Sazlamalar

Sahibkarlar və biznes assosiasiyaları qanunvericiliklə bağlı təkliflərini Vergilər Nazirliyinə təqdim edə bilərlər

Bakı, 13 fevral, Sevda Cəfərova, AZƏRTAC

2018-ci ildə Vergilər Nazirliyi əsas hədəfini iki istiqamətdə görür: birincisi, dövlət büdcəsi haqqında qanunla nəzərdə tutulan öhdəliklərin tammiqyaslı icrasını təmin etmək, ikincisi isə bütün vergiödəyiciləri ilə sağlam təmələ və qanunun aliliyinə əsaslanan yeni münasibətlər qurmaqdır. Bunun üçün Vergilər Nazirliyi vergi ödəyicisinə xidmət anlayışını daha da genişləndirəcək.
AZƏRTAC xəbər verir ki, bunu jurnalıstlərə vergilər naziri Mikayıl Cabbarov deyib. O bildirib ki, ölkə rəhbərliyinin həyata keçirdiyi siyasətin əsas məqsədi Azərbaycanda biznes mühitini müntəzəm təkmilləşdirməklə iqtisadi nailiyyətləri, şirkət və sahibkarlığın rəqabətqabiliyyətliliyini artırmaq və bununla da ölkədə yaşayan hər kəsin rifah halını daha da yüksəltməkdir. Vergilər Nazirliyi səlahiyyətləri çərçivəsində öz fəaliyyətini məhz bu prinsipləri təmin etməyə yönəldəcək.
Mikayıl Cabbarov qeyd edib ki, bütün sahibkarlar, biznes assosiasiyaları, aidiyyəti vergiödəyiciləri qanunvericilikdə onların fəaliyyətlərinə dair məhdudlaşdırıcı norma və yanaşma varsa, yaxud bu gün qanunvericilikdə olmayan, lakin gələcəkdə nəzərdə tutula bilən məqamlar varsa, bu barədə martın 31-dək öz təkliflərini təqdim edə bilərlər. Vergilər Nazirliyində bununla bağlı yaradılmış xüsusi katiblik daxil olan təklifləri təhlil edəcək.

Biznes 2018-02-13 17:53:00