×
A
A
A
Sazlamalar

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai Şuraya üzvlər seçilib

Bakı, 29 yanvar, AZƏRTAC

Yanvarın 29-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai Şuraya seçkilər keçirilib. Seçkilər “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının 2013-cü il 22 noyabr tarixli Qanununa və sənədin tətbiqi barədə Azərbaycan Prezidentinin 2014-cü il 16 yanvar tarixli Fərmanına, Nazirlər Kabinetinin 2014-cü il 30 may Qərarı ilə təsdiq edilmiş Əsasnaməyə uyğun olaraq keçirilib.
Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, səslər seçki komissiyasının üzvlərinin iştirakı ilə müşahidəçilərin nəzarəti altında hesablanıb. Səsvermənin nəticələrinə əsasən aşağıda adları qeyd edilmiş QHT təmsilçiləri komitə yanında İctimai Şuranın üzvü seçiliblər.
Nəriman Qasımzadə – Din və Demokratiya Mərkəzi İctimai Birliyinin sədri, Əliməmməd Nuriyev – Konstitusiya Araşdırmalar Fondunun rəhbəri, Solmaz Əmirova – “Aydınlığa Doğru” İctimai Birliyinin sədri, Sevinc Əzimbəyli – Yeni Üfüq İctimai Birliyinin sədri, Rəna Mirzəzadə – Gender və İnsan Hüquqi Araşdırmalar Birliyinin sədri, Asim Vəliyev – Gənclərin Töhfəsi İctimai Birliyinin sədri və Fəxrəddin Həsənzadə – Gənclər üçün Təhsil Mərkəzi İctimai Birliyinin sədri.
Qeyd edək ki, İctimai Şura Dövlət Komitəsinin fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsi, komitə ilə ictimaiyyət arasında səmərəli qarşılıqlı fəaliyyətin təşkili, onun fəaliyyətində aşkarlığın və şəffaflığın təmin olunması, dövlət siyasətinin formalaşması və qərarların qəbulu zamanı ictimai rəyin və vətəndaşların qanuni maraqlarının nəzərə alınması, əsas insan və vətəndaş hüquqlarının müdafiəsi kimi məqsədlərin həyata keçirilməsi istiqamətlərində fəaliyyət göstərəcək.

Din 2018-01-29 17:08:00