×
A
A
A
Sazlamalar

Okinavanın qubernatoru prefekturada yerləşən ABŞ silahlı qüvvələrinə etirazını bildirib

Tokio, 21 noyabr, AZƏRTAC
Yaponiyanın Okinava prefekturasının qubernatoru ərazidə yerləşən ABŞ silahlı qüvvələrinin komandanına dəniz piyadaları korpusunun qulluqçusu tərəfindən törədilən və yapon sürücünün ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsinə görə kəskin etirazını bildirib.
AZƏRTAC NHK telekanalına istinadla xəbər verir ki, prefekturanın qubernatoru Takeşi Onaqa öz ofisində general-leytenant Lorens Nikolsonla görüşüb. T.Onaqa deyib ki, hadisənin məzuniyyətdə olan dəniz piyadası tərəfindən hərbi avtomobil vasitəsilə törədilməsi onu daha faciəvi edir.
T.Onaqa hadisənin səbəblərinin araşdırılması üçün ABŞ silahlı qüvvələrini yerli hakimiyyətlə əməkdaşlıq etməyə və bu cür hadisələrin təkrar olunmaması üçün müvafiq tədbirlər görməyə çağırıb.
L.Nikolson ABŞ silahlı qüvvələri və xalqı adından başsağlığı verərək, həlak olanın ailə üzvlərindən üzr istəyib. Bildirib ki, bu hadisəyə heç cür bəraət qazandırmaq olmaz və prefektura sakinlərinin qəzəbini yaxşı başa düşür. Hadisə ilə əlaqədar müvafiq tədbirlər görüləcək və atılan addımlar Okinava prefekturasında yerləşən 50 min ABŞ hərbi qulluqçusunun belə hadisəyə təkrar yol verməməsi məqsədi daşıyacaq.


Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio

Dünya 2017-11-21 09:13:00