×
A
A
A
Sazlamalar

Ağdamda yazıçı-publisist Mustafa Çəmənlinin 70 illik yubileyi qeyd olunub

Ağdam, 20 noyabr, Tahir Ağaməmmədov, AZƏRTAC

Ağdam Dövlət Dram Teatrında tanınmış yazıçı-publisist Mustafa Çəmənlinin 70 illik yubileyi qeyd edilib.
AZƏRTAC xəbər verir ki, elm, ədəbiyyat, incəsənət xadimlərinin, rayon ictimaiyyətinin nümayəndələrinin iştirak etdikləri tədbirdə əvvəlcə M.Çəmənlinin həyat və yaradıcılığına dair film nümayiş olunub.
Tədbirdə çıxış edənlər Mustafa Çəmənlini 70 illik yubileyi münasibətilə təbrik edib, həyat və yaradıcılığından danışıblar. Bildirilib ki, müasir Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələrindən olan Mustafa Çəmənli 1947-ci il sentyabrın 10-da Ağdam rayonunun Çəmənli kəndində anadan olub. İlk təhsilini doğma kəndində, daha sonra Mingəçevir şəhər məktəbində alıb. 1972-1977-ci illərdə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil alan M.Çəmənli sonrakı illərdə “Yazıçı” nəşriyyatında redaktor, böyük redaktor, redaksiya müdiri, “Gənclik” nəşriyyatında baş redaktor vəzifələrində çalışıb.
Bədii yaradıcılığa tələbəlik illərindən başlayan Mustafa Çəmənlinin ilk hekayəsi “Ləpirlər” 1973-cü ildə “Mingəçevir işıqları” qəzetində çap olunub. İlk hekayəsinin çapından indiyədək 24 nəsr və publisistika kitabı işıq üzü görüb.
Tədbirdə “Şur” ansamblının və məktəblilərin ifasında musiqi nömrələri təqdim olunub.
Sonda M.Çəmənli tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.

Regionlar 2017-11-20 15:44:00