×
A
A
A
Sazlamalar

Azərbaycan ilə Meksika arasında əməkdaşlığa dair hökumətlərarası Saziş imzalanıb

Bakı, 20 oktyabr, AZƏRTAC
“Azərbaycan Respublikası Hökuməti və Meksika Birləşmiş Ştatları Hökuməti arasında təhsil, elm, gənclər, mədəniyyət və idman sahələrində əməkdaşlıq haqqında Saziş” imzalanıb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, sazişi Azərbaycan hökuməti adından xarici işlər nazirinin müavini Xələf Xələfov, Meksika hökuməti adından isə bu ölkənin Azərbaycandakı səfiri Rodriqo Labardini imzalayıb.
X.Xələfov Azərbaycan və Meksika arasında münasibətlərin uğurla inkişaf etdiyini qeyd edib. O, 2017-ci ilin iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinin qeyd edilməsi ilə əlamətdar olduğunu bildirib, bu illər ərzində Azərbaycan və Meksika arasında formalaşmış siyasi dialoqun məmnunluq doğurduğunu diqqətə çatdırıb.
Nazir müavini, həmçinin Azərbaycan və Meksika arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi baxımından qarşılıqlı səfərlərin əhəmiyyətini qeyd edib.
X.Xələfov imzalanmış sazişin müvafiq sahələrdə əməkdaşlığın intensiv şəkildə inkişafına xidmət edəcəyinə əminliyini ifadə edib. Bu istiqamətdə səylərin artırılması üçün iki ölkənin müvafiq qurumları arasında təmasların artırılmasının vacibliyini vurğulayıb.
Azərbaycanın Meksika ilə iqtisadi əlaqələrin inkişafında maraqlı olduğunu qeyd edən nazir müavini bu sahədə qarşılıqlı faydalı əməkdaşlıq üçün geniş imkanların olduğunu bildirib.
Görüşdə ikitərəfli münasibətlərin inkişafında parlamentlərarası diplomatiyanın xüsusi rolunu qeyd edən Xələf Xələfov iki ölkə arasında parlamentlərarası əlaqələrin inkişafından məmnunluğunu ifadə edib və bu xüsusda, Meksikanın qanunverici orqanı tərəfindən qəbul edilmiş Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və Xocalı soyqırımı ilə əlaqədar qətnamələrin qəbul edilməsini yüksək qiymətləndirib.
Səfir Rodriqo Labardini ikitərəfli əlaqələrin bütün sahələrdə yüksələn xətlə inkişaf etdiyini bildirib, Azərbaycan ilə Meksika arasında mövcud ticarət dövriyyəsinin 3 dəfəyə qədər artdığını bildirib.
Həmçinin o, 2016-ci ilin ikinci yarısında iki ölkə arasında siyasi məsləhətləşmələrin növbəti mərhələsinin keçirildiyini, bunun ikitərəfli münasibətlərin inkişafına təkan verdiyini diqqətə çatdırıb.
Səfir iki ölkə arasında mədəni əlaqələrin inkişafına toxunub, səfirlik tərəfindən bu istiqamətdə təşkil edilmiş rəssamlıq sərgilərindən bəhs edib. Bu xüsusda, o, Meksika rəssamlıq nümunələrinin yalnız Bakıda deyil, eyni zamanda, Azərbaycanın digər şəhərlərində də nümayiş olunduğunu diqqətə çatdırıb.
Səfir imzalanmış sazişin iki ölkə arasında təhsil, elm, gənclər, mədəniyyət və idman kimi humanitar sahələrdə əməkdaşlığın daha da inkişafına mühüm töhfə verəcəyinə və münasibətlərimizin inkişafında böyük rol oynayacağına əminliyini ifadə edib.

Siyasət 2017-10-20 17:39:00