×
A
A
A
Sazlamalar

Füzuli rayonunda 4 min tona yaxın pambıq istehsalı proqnozlaşdırılır

Füzuli, 19 sentyabr, AZƏRTAC

Cəbhə bölgəsində yerləşən Füzuli rayonunda bir neçə gündür ki, pambıq yığımına başlanılıb.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, bu il rayon ərazisində 2050 hektar sahədə pambıq becərilib. “MKT İstehsalat Kommersiya” MMC, “CTS Aqro” MMC və “Füzuli Kənd Təsərrüfatı” MMC ilə müqavilə əsasında əkilən pambıq sahələrinə lazımi aqrotexniki qulluq göstərilib, mineral gübrələr verilib, vaxtlı-vaxtında suvarılıb. Nəticədə tarlalarda bol məhsul yetişib.
Rayon pambıqçıları bu günə kimi 70 tondan artıq məhsul toplayaraq tədarük məntəqələrinə təhvil veriblər. Havaların əlverişli keçməsi məhsulun tez və itkisiz yığılmasına şərait yaradır. Pambıq maşın və əl əməyindən istifadə edilməklə yığılır. İnsanların məşğulluğunun təmin edilməsi, onların maddi rifah hallarının yaxşılaşdırılması üçün daha çox əl əməyinə üstünlük verilir ki, bu işə də minlərlə rayon sakini cəlb edilir. Pambıq yığımının sürətlə davam etdirilməsi və qarşıya çıxa biləcək problemlərin dərhal həll olunması üçün rayon icra hakimiyyətində qərargah yaradılıb.
Bu il rayon üzrə 4 min tona yaxın məhsul istehsalı proqnozlaşdırılır.

Regionlar 2017-09-19 17:50:00