×
A
A
A
Sazlamalar

İlin əvvəlindən bəri Lənkəran, Astara və Lerikə 36 minə yaxın turist gəlib

Lənkəran, 19 sentyabr, Bağır Əliyev, AZƏRTAC
İyun ayından başlayan yay turizm mövsümü artıq başa çatmaq üzrədir. Bu il ölkəmizin cənub bölgəsinə gələn turistlərin sayı əvvəlki illərlə müqayisədə xeyli artıb.
Lənkəran Turizm İnformasiya Mərkəzinin direktoru İlqar Əzimov AZƏRTAC-a bildirib ki, cari ilin səkkiz ayında Lənkəran, Astara və Lerik rayonlarına 36 minə yaxın turist gəlib. Bu, əvvəlki illərlə müqayisədə xeyli çoxdur.
İndiyədək təkcə Lənkərana 17 mindən çox turistin gəldiyini qeyd edən İ.Əzimov rayona səyahət edən xarici turistlərin sayında da böyük artım olduğunu bildirib: “Lənkərana gələn xarici turistlər arasında Rusiya birinci, İran ikinci, ərəb ölkələri üçüncü yeri tutur.”
Sentyabr ayında havaların əlverişli keçməsi cənub bölgəsinə turist axınına səbəb olub. Turistlər bölgənin istirahət mərkəzlərində və turizm obyektlərində yaradılan şəraitdən razılıqlarını bildiriblər.
Rusiyalı turist Sergey Abramov razılığını belə ifadə edib: “Moskvadan gəlmişik. Lənkəranın təbiəti və havası bizi valeh etdi. Lənkəranlılar həm qonaqpərvər, həm də çox gözəl insandırlar.”
Rusiyadan gəlmiş digər turist Olqa Abramova söhbətə qoşularaq deyib: “Mətbəxiniz çox xoşuma gəldi, yeməklər bir-birindən dadlıdır. Ən çox bəyəndiyimiz bir məqamı diqqətinizə çatdırmaq istəyirəm. Bizdə havalar soyuq olduğundan çöldə, açıq havada nahar etmirlər. Ancaq, burada təmiz havada nahar etməyin ləzzətini gördük.”

Regionlar 2017-09-19 17:12:00