×
A
A
A
Sazlamalar

Naxçıvanda elektrik enerjisinə tələbatın 60 faizi alternativ və bərpaolunan enerji mənbələri hesabına ödənilir

Naxçıvan, 19 sentyabr, AZƏRTAC

Muxtar respublikada alternativ və bərpaolunan enerji mənbələri üzrə işləyən elektrik stansiyalarında elektrik enerjisi istehsalı ümumi istehsalın 60 faizini təşkil edir. Bu, regionda və dünyada mühüm göstərici hesab edilir.
AZƏRTAC xəbər verir ki, bu faktlar Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətində payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə bağlı keçirilən yığıncaqda səsləndirilib.
Xidmətin rəisi Namiq Paşayev yığıncağı açaraq bildirib ki, muxtar respublikanın energetika sektorunun növbəti mövsümə hazırlığı tapşırığa uyğun olaraq diqqət mərkəzində saxlanılır.
Qeyd olunub ki, muxtar respublikada alternativ və bərpaolunan enerji mənbələrinin şaxələndirilməsi istiqamətində işlər davam etdirilir. Culfa rayonu ərazisində külək elektrik stansiyasının tikintisi üçün ölçü qurğuları alınıb quraşdırılıb. Araz çayı üzərində derivasiyatipli 36 meqavat gücündə olan Ordubad Su Elektrik Stansiyasında su aparan kanalın və digər qurğuların tikintisi həyata keçirilir. Ordubad rayonu ərazisində tikilməsi nəzərdə tutulan 14 meqavat gücündə Tivi Su Elektrik Stansiyasının texniki-iqtisadi əsaslandırılması və ilkin layihə sənədləri hazırlanıb.
Hazırda Şahbuz rayonunda ikitransformatorlu müasir 35/10 kilovoltluq yarımstansiyanın tikilərək istismara verilməsi üçün son tamamlama işləri aparılır. Bu məqsədlə 1 kilometr uzunluqda birdövrəli 35 kilovoltluq, 10 kilometr uzunluqda 10 kilovoltluq elektrik verilişi xəttinin çəkilməsi işləri artıq başa çatdırılıb.
“Naxçıvan, Şərur və Culfa transformator təmiri sexlərində 63 ədəd 10/0,4 kilovoltluq transformator təmir edilib şəbəkələrə qaytarılıb”, - deyən Namiq Paşayev vurğulayıb ki, muxtar respublikanın elektrik şəbəkələrinə gün ərzində verilən elektrik enerjisinin çox hissəsi Naxçıvan Modul Elektrik Stansiyasında istehsal edilir. Hazırda stansiyada 48 min işləmə saatına uyğun əsaslı təmir işləri həyata keçirilir.
Diqqətə çatdırılıb ki, 2017-2018-ci illərin payız-qış mövsümünə hazırlıq üçün kifayət qədər avadanlıq və material ehtiyatı yaradılır. İlin sonunadək məftil, ağac dirək, yağ, 35 və 10 kilovat hücrələri, 10/0,4 kilovoltluq transformatorlar, kabellər alınması üçün yeni müqavilələr bağlanılıb.
Sonra payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə bağlı çıxışlar olub.

Regionlar 2017-09-19 13:12:00