×
A
A
A
Sazlamalar

Dubayda məktəblərin yaxınlığında “emosional” elektron tablolar quraşdırılıb

Abu-Dabi, 18 sentyabr, AZƏRTAC

“Arabian Business” nəşri bildirir ki, Dubayda yüksək texnoloji tablolardan istifadə edilməklə eksperimental layihənin həyata keçirilməsinə başlanıb. Bu layihənin məqsədi sürücülərin diqqətini məktəblərin yaxınlığında sürəti azaltmaq lazım olmasına cəlb etməkdir.
Hələlik Dubayın beş təhsil müəssisəsinin yaxınlığında quraşdırılmış bu elektron tablolar oradan keçən avtomobilin sürətini əks etdirməklə bərabər, həm də müvafiq emosiyaları nümayiş etdirir. “Təbəssümlü smaylik” avtomobilin münasib sürətlə hərəkət etdiyini göstərir, “qaşqabaqlı smaylik” isə sürətin normadan artıq olmasına dəlalət edir.
Yollar və Nəqliyyat İdarəsi nəzdində Yol Hərəkəti Agentliyinin baş direktoru Mayta bin Aday bildirib ki, bu təhsil müəssisələri həmin layihənin birinci növbəsi üçün seçilmiş rayonlarda yerləşir. Əvvəllər həmin rayonlarda saatda 40 kilometr sürət məhdudiyyəti qoyulmuşdu.

Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Abu-Dabi

Dünya 2017-09-18 16:21:00